ELM VƏ TƏHSİL


Azərbaycanın müasir təhsil sistemi müəyyənləşdirilmiş hədəflər çərçivəsində uğurla inkişaf edir

Bakı, 30 dekabr, AZƏRTAC

Dünyanın hər bir yerində, ictimai inkişafın bütün mərhələlərində cəmiyyətin təhsillə üzvi bağlılığı olub. Gənc nəsillərin tədrisi, öyrədilməsi, maarifləndirilməsi ən qədim fəaliyyətlərdəndir. Bütün tarixi dövrlərdə təhsilin ictimai həyatda mərkəzi rolu qeyd-şərtsiz hamı tərəfindən qəbul edilib. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha səmərəli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.

Müstəqilliyimizin bərpasından sonra keçən dövr ərzində Azərbaycanda təhsilin inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib, müvafiq istiqamətin daha da təkmilləşdirilməsi üçün mühüm addımlar atılıb. Təhsilin normativ-hüquqi bazasının formaşaldırılması, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan sərəncamlar əsasında geniş tədbirlər həyata keçirilib. Ölkəmizdə son illərdə bir sıra Dövlət proqramları uğurla icra olunub, təhsilin məzmunu yenilənib, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib, 3 mindən çox yeni məktəb binası tikilib, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılıb. 2005-ci ildə Azərbaycan Bolonya prosesinə qoşulub, Avropa təhsil məkanına inteqrasiya istiqamətində tədbirlər həyata keçirilib, gənclərin xaricdə təhsili sahəsində ciddi nailiyyətlər əldə edilib. Təhsil sahəsində görülən tədbirlər nəticə etibarilə təhsilin əhatəliliyinin və keyfiyyətinin artımına istiqamətlənib. İldən-ilə ölkəmizdə tələbə adını qazanan gənclərimizin sayı artır. Cari il mülki ali təhsil müəssisələrinə rekord sayda – 35 min 304 nəfər tələbə qəbul edilib. Bu göstərici ötən il ilə müqayisədə 6,7 faiz çoxdur. Qəbul olanların sayının yüksəlməsi, gənclərin ali təhsilə marağının artması vətəndaşlarımızın şüurunda təhsilin əhəmiyyətinin bir dəyər kimi artdığını təsdiq edir. Təhsildə şəffaflığın təmin edilməsi, təhsil müəssisələrinin rəhbərlərinin fəaliyyətinin qiymətləndirilməsi kimi tədbirlər nəticəsində əvvəllər mövcud olmuş bir çox neqativ hallar aradan qaldırılıb.

Xüsusi vurğulamaq lazımdır ki, gənclərimizdə yüksək standartlara cavab verən ixtisas kompetensiyaların formalaşdırılması məqsədilə bütün ixtisasların təhsil proqramlarının yenilənməsi, aparıcı xarici ali məktəblərin Azərbaycanda filiallarının açılması, birgə təhsil proqramlarının hazırlanması, ikili diplom layihələrinin tətbiqi, yüksək akademik göstəriciləri ilə seçilən tələbələr üçün xüsusi təlim şəraitinin yaradılması kimi mühüm işlər həyata keçirilib. Bu baxımdan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu il Startap məktəbinin ilk buraxılışının olmasını xüsusi qeyd etmək lazımdır. Bu layihə Azərbaycanda startap hərəkatına töhfə vermək, gənclərin innovativ ideyalarının biznes həllini tapmasını dəstəkləmək, məzunlarda “iş yerini tutmaq” deyil, “iş yerini yaratmaq” psixologiyasını formalaşdırmaq məqsədi güdür.

Digər ali məktəbimiz - Azərbaycan Dövlət İqtisad Universiteti QS beynəlxalq reytinq agentliyinin hazırladığı Şərqi Avropa və Mərkəzi Asiya regionunun universitetlərinin reytinqində 30 ölkənin iqtisadyönümlü ali təhsil ocaqları arasında dördüncü yer tutub.

Təhsil Nazirliyi elmi məlumatların təqdim edilməsi və təhlili sahəsində dünyada lider olan “Thomson Reuters” şirkəti ilə bu ildən əməkdaşlığa başlayıb. Şirkətlə əməkdaşlıq ali təhsil müəssisələrimizə və alimlərimizə dünya elminin məlumat bazası ilə işləmək, istənilən elm sahəsi üzrə inkişaf tendensiyalarını müəyyənləşdirmək, beynəlxalq elmi dairələrdə tanınmaq və qlobal universitet reytinqlərində yüksəlmək imkanı verəcək.

Son illərdə elmi potensialın qorunub saxlanılması və gənc elmi kadrların hazırlanması kimi məsələlər də aktualdır. Bu istiqamətdə ölkəmizdə doktorantura təhsilinin keyfiyyətinin artırılması, gənc kadrların xaricdə təhsil alması kimi mühüm işlər görülür. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda son iki ildə üstünlük ali təhsilin magistratura və doktorantura səviyyələrinə verilib. Belə ki, yalnız 2015-ci ildə seçilmiş 373 təqaüdçüdən 176-sı magistratura, 25-i doktorantura, 70 nəfər isə rezidenturada təhsil almaq hüququ qazanıb. Şübhəsiz, müvafiq Proqram ölkəmizdə gənc milli elmi elitanın formalaşdırılmasına mühüm töhfələr verəcək.

Təhsil sahəsində aparılan islahatlar nəticəsində ümumi təhsildə tətbiq edilən yeni kurikulumlar müasir düşüncəli, geniş dünyagörüşlü gənclərin formalaşmasına yönəldilib. Şagirdlərin tədqiqat aparması, onların yeni informasiya texnologiyalarından istifadəsi üçün geniş imkanlar yaradılıb. 2008-ci ildən başlayaraq ümumtəhsil məktəblərində kiçik akademiyalar təsis edilməyə başlanıb. Həmin akademiyaların fəaliyyəti alimlərlə əlaqələrin yaradılması, şagirdlərə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqlarının aşılanması, şagirdlər üçün müsabiqələrin təşkilinə yönəldilib.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun vurğuladığı “Biz potensialımızı artırmaqla, innovasiyaları genişləndirməklə Azərbaycanı regionun təhsil mərkəzinə çevirməyi hədəfləmişik” fikri sürətlə reallaşmaqdadır. Bu istiqamətdə müəyyənləşdirilmiş bir sıra hədəflərə artıq nail olunub: orta təhsildə buraxılış imtahanlarının nəticələri yaxşılaşıb, yüksək balla pedaqoji ixtisasları seçən tələbələrin sayı 10 dəfə artıb, son 13 ildə məktəblərin 70 faizi yenidən tikilib və ya əsaslı təmir olunub və s. Eyni zamanda, Prezident İlham Əliyevin iştirakı ilə IT STEP akademiyasının açılışı, Azərbaycan-Fransız Universitetinin fəaliyyətə başlaması ali təhsilimizin inkişafı və beynəlmiləlləşməsində yeni mərhələ kimi yadda qalacaq.

İnkişafın müşahidə olunduğu digər bir istiqamət müəllimlərin işə qəbulu ilə bağlıdır. Artıq bir neçə ildir ki, bu proses elektron proqram təminatı ilə həyata keçirilir. Bu il ölkəmiz üzrə ümumtəhsil müəssisələrində olan 3346 vakansiya müsabiqəyə çıxarılıb. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərin rekord sayda - 31779 nəfərinin elektron ərizəsi təsdiq edilib. Ümumilikdə 2365 müəllim işə qəbul olunub. Bu göstəricilər son dövrlərdə aparılan məqsədyönlü işlər nəticəsində müəllimlik peşəsinə marağın artması, bu ixtisası seçən yüksək ballı məzunların sayının çoxalması ilə bağlıdır.

Ölkəmizdə təhsil sisteminin yeni mahiyyətdə formalaşmasının əsas göstəricilərindən biri də uğurla həyata keçirilən, şagird və tələbələrlə təhsil müəssisələri arasında münasibətlərin müasir formasını əks etdirən layihələrdir. Bu baxımdan “Məktəblilərin dostu” layihəsini, Maarifçi Tələbə Kredit Fondunun təsis edilməsini xüsusi vurğulamaq lazımdır.

Qeyd olunan məqamları təhlil edən zaman aydın olur ki, Azərbaycanın müasir təhsil sistemi müəyyənləşdirilmiş hədəflər çərçivəsində uğurla inkişaf etməkdədir və zəngin intellektual potensiala malik, savadlı gənclərin yetişməsinə töhfə verməkdədir.

Maqsud Dadaşov

AZƏRTAC-ın müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.