SİYASƏT


Azərbaycanın müdafiə naziri NATO toplantısında iştirak edib

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 29-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Brüsseldə Şimali Atlantika Şurasının Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası formatında müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda Əfqanıstandakı təhlükəsizlik vəziyyəti, Qətiyyətli Dəstək Missiyasının gələcəyi, əfqan müdafiə və təhlükəsizlik qüvvələrinin inkişafı üzrə müzakirələr aparılıb. Görüşdə Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin müdafiə nazirləri ilə yanaşı, Əfqanıstanın müdafiə naziri, o cümlədən Avropa İttifaqının ali nümayəndəsi və BMT baş katibinin xüsusi nümayəndəsi də iştirak ediblər.

Müdafiə naziri Z.Həsənov səfər çərçivəsində NATO baş katibinin müavini xanım Rouz Gotemoller ilə görüşüb. Tərəflər Azərbaycan-NATO münasibətləri, müdafiə sahəsində alyansla qarşılıqlı faydalı əməkdaşlıq və ölkəmizin Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfə ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə NATO baş katibinin müavininə məlumat verib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyənin milli müdafiə naziri Fikri Işıkla işçi görüşü keçirərək ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib. Söhbət zamanı, həmçinin Qətiyyətli Dəstək Missiyasına gələcək töhfələr mövzusunda fikir mübadiləsi aparılıb.

Nazir Z.Həsənov Makedoniya Respublikasının yeni təyin olunmuş müdafiə naziri Radmila Şekerinska ilə nəzakət görüşü də keçirib.

Qeyd edək ki, hazırda Silahlı Qüvvələrimizin 94 nəfərlik sülhməramlısı Əfqanıstanda həyata keçirilən Qətiyyətli Dəstək Missiyasında iştirak edir. Eyni zamanda, Azərbaycan Respublikası NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə dəstəyi ilə töhfə verməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.