ORDU
Azərbaycanın müdafiə naziri ümummilli lider Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib
Tbilisi, 1 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin aprelin 2-də keçiriləcək üçtərəfli görüşündə iştirak üçün Tbilisiyə gəlib.
AZƏRTAC xəbər verir ki, aprelin 1-də nazir Z.Həsənov Tbilisinin mərkəzindəki Heydər Əliyev parkına gələrək Azərbaycan xalqının Ümummilli Liderinin abidəsi önünə əklil qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.
Nazir jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlaqələr müxtəlif strukturlar arasında üçtərəfli formatda inkişaf etdirilir. Gürcüstana səfərimin əsas məqsədi müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Artıq hər üç ölkənin müdafiə nazirləri arasında Naxçıvanda ilk görüş keçirilib. Bu, sayca ikinci görüşümüzdür. Bu görüşdə üçtərəfli formatda münasibətlərin inkişafı, eləcə də əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində danışıqlar aparılacaq. Müzakirələr tam başa çatdıqdan sonra əməkdaşlığa dair üçtərəfli sazişin imzalanması da nəzərdə tutulub.
Zakir Həsənov vurğulayıb ki, görüşdə regiondakı vəziyyət də diqqət mərkəzində olacaq, Ermənistanın təcavüzkar siyasəti barədə iştirakçılara məlumat veriləcək.
Qeyd edək ki, ziyarətçilər arasında Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və digər rəsmi şəxslər də olublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi