SİYASƏT
Azərbaycanın multikulturalizm modelinin inkişafında tələbə və gənclərin rolu artırılmalıdır
Bakı, 24 noyabr, Günel Məlikova, AZƏRTAC
Noyabrın 24-də Qərb Universitetində “Azərbaycanın multikulturalizm modelinin inkişaf perspektivlərində tələbə və gənclərin rolunun artırılmasına dəstək” mövzusunda tədbir keçirilib. Tədbir Qərb Universiteti, Gender Araşdırmaları Mərkəz, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Multikultural Şəbəkə və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, Qərb Universitetinin ingilis filologiyası kafedrasının professoru, BBMM-in icraçı direktoru Azad Məmmədov “Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirin mahiyyətindən danışıb. O, Qərb Universitetində təşkil olunan bu tədbiri Azərbaycanın multikulturalizm modelinin səmərəliliyinin dünyada daha geniş tanınması və öyrənilməsi, gənclərin yerli və beynəlxalq səviyyədə fəaliyyətlərinin genişləndirilməsi istiqamətində atılan addım kimi dəyərləndirib. Multikulturalizm fənninin artıq iki ildən artıqdır ki, Azərbaycan ilə yanaşı, dünyanın bir sıra ölkəsində tədris edildiyini deyən A.Məmmədov bu fənnin tələbələr arasında böyük marağa səbəb olduğunu söyləyib. Bildirilib ki, fənn əlaçıları olan xarici tələbələr BBMM-in təşkil etdiyi yay və qış məktəbləri çərçivəsində Azərbaycana gəlib, ölkəmizlə yaxından tanışlıq imkanı əldə ediblər.
Digər çıxış edənlər Azərbaycanda multikultural mühitin yaranması və formalaşmasında gənclərin, xüsusilə qadınların rolundan danışıblar. Bildirilib ki, multikultural şəraitin cəmiyyətlə yanası, ailədə də olması vacibdir. Bu gün Azərbaycan multikulturalizm ənənələri və tolerantlıq nümunəsi ilə bütün dünyanın diqqətini özünə cəlb edir. Ölkəmizdə multikultural mühit həyatın bütün sahələrində özünü göstərir.
Sonra Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova təqdimatla çıxış edib. Bildirilib ki, bu gün dünyanın qarşısında duran ən mühüm problemlərdən biri fərqli sivilizasiyalar, dinlər, mədəniyyətlər arasında anlaşmanın, əməkdaşlığın optimal yollarının tapılmasıdır. Son illərdə bu mövzuda müxtəlif səviyyəli müzakirələr aparılıb, beynəlxalq konfranslar keçirilib, qurumlar təsis olunub.
Azərbaycan özünün mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensial, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır.
Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.