CƏMİYYƏT


Azərbaycanın müstəqillik uğrunda mübarizəsini yaddaşlara köçürən fotoqraf vəfat edib

Bakı, 6 iyul, AZƏRTAC

Oleq Litvin 81 yaşının tamamına çox az qalmış vəfat edib. Jurnalist və fotoqrafların çoxu bu gözəl insanı tanıyırdı. O, 1936-cı il iyulun 6-da Bakıda anadan olub, uşaqlığı İkinci Dünya müharibəsi illərinə təsadüf edib. Fotoqrafiyaya həvəs Oleqə bu sənətlə maraqlanan atasından keçmişdi. Oleq 9-cu sinifdə oxuyanda atası ona FED fotokamerasını bağışlayıb və bu, oğlanın gələcək taleyini müəyyən edib. O, atası ilə evdə minifotostudiya yaradıb və burada sənətin əlifbasını öyrənib. Orta məktəbi bitirən O.Litvin Azərbaycan Neft və Kimya İnstitutunun (indi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) energetika fakültəsinə qəbul olunub. Lakin onun fotoqrafiyaya marağı azalmayıb, əksinə günbəgün daha da artıb.

1960-cı ildə institutu bitirdikdən sonra təyinatla “Kavkazenerqomontaj” trestinə göndərilib və oradan Qroznıya ezam edilib. O.Litvin Qroznıda “Molot” qəzetinə göndərdiyi “Meşədə kiçik çay” fotosüjetini özünün ilk uğuru kimi qiymətləndirib.

1964-cü ildə iş yerini doğma Bakıya köçürən O.Litvin bir neçə həmkarı ilə birgə “Xəzər” fotoklubunu açıb. Klub tezliklə populyarlaşıb, dəvət edilənlər sırasında S.Kulişov, V.Kalinin, İ.Rubençik, Y.Rahil kimi məşhur fotoqraflar olub. İncə duyuma malik Yuri Rahil Oleqi TASS-ın Azərbaycan bölməsinin fotoxronikasına dəvət edib. 1973-cü ilin noyabrında Oleq dəvəti qəbul edib və ilk vaxtlar birgə çəkilişlərə Y.Rahillə gedib. “Usta məktəbi”ni uğurla keçən Oleq Bakı məişət kondisionerləri zavodu haqqında fotooçerk hazırlayıb.

Qarabağ münaqişəsinin başlanmasından sonra O.Litvinin işi sakit xarakterini itirib. O, cəbhə zonalarına getməli olub, Bakıda isə mitinqlərdən fotoşəkillər çəkib, tez-tez xarici jurnalistlərə kömək edib. Onlardan biri Tomas Holdsla O.Litvin birgə iş görüb - Ağdama gəlmiş BMT-nin nümayəndəsi ilə görüşüb. İş elə gətirib ki, onlar vertolyotda Bərdəyə, oradan isə maşınla Ağdama gedəsi olublar. BMT-nin nümayəndəsini ən axırıncı məqamda cəbhə xəttində tapa biliblər, bununla belə ondan müsahibə götürüblər.

Xocalı faciəsi günündə Oleq Litvin Tomas Holdsla birinci dəfə Ağdama gəlib, orada hospitaldan, qəbiristanlıqdan çəkilişlər ediblər. Onlar ermənilər tərəfindən dağıdılmış şəhərin yaralı sakinləri ilə görüşüblər. Həmin axşam Ağdam ilk dəfə raket atəşinə tutulub və rayon rəhbərliyi jurnalistləri Bakıya yola salıb.

O.Litvinin çəkdiyi fotoşəkillər Azərbaycanın Rusiyadakı səfirliyinə yerli KİV-lərlə keçirilən mətbuat konfransına göndərilib. Onun özünə isə sabahı günü Fransa hökumətinin nümayəndəsi Kuşnerin humanitar missiyasını işıqlandırmaq tapşırılıb. Fransalı qonağı qarşılayan O.Litvin digər jurnalistlərlə birlikdə Şuşaya yola düşüb. Yolda onların vertolyotu avtomat atəşinə tutulub və onlar Zəngilanda enməyə məcbur olub, oradan isə Şuşaya humanitar yardım maşınının müşayiəti ilə gediblər...

Rusiya və Qazaxıstan Prezidentlərinin Azərbaycana səfəri zamanı O.Litvin hadisələrin mərkəzində olub. O, jurnalistlərlə vertolyotda Xocalı aeroportuna gedib, orada onların hamısı bir milis maşınında şəhərə qədər gediblər. Yaxın bir neçə metrdən fotoşəkil çəkmək üçün Oleq baş meydanı əhatə edən erməni dəstəsinin arasından az qala sürünərək keçməli olub. Onun iki həmkarınınkı gətirməyib: vəhşiləşmiş izdiham onlardan birinin geyimini cırıb-dağıdıb, digərini isə girov götürüb...

Sonralar 90-cı illərin ortalarında o, BP ilə əməkdaşlığa başlayıb. Şirkətin müxtəlif fəaliyyət sahələri barədə çəkdiyi fotolar “Horizont” jurnalında yerləşdirilib, sərgilərdə nümayiş etdirilib. Bu dövrdə o, həmçinin “Azerbaijan International” jurnalının illüstrasiya işlərinə kömək etdi, baş redaktorla “Azərbaycan – Odlar Yurdu” fotoalbomunu buraxıb.

O.Litvin Azərbaycan fotoqrafiyasının inkişafında töhfəsinə görə “Humay” mükafatına layiq görülüb. 2000-ci ildə Volqoqrada oğlunun yanına köçüb. Orada onu dərhal “Komsomolskaya pravda”ya işə götürüblər. O.Litvin qəzetdə beş il çalışıb. 2005-ci ildə isə LUKOYL şirkətinin “Volqa i Don” korporativ qəzetinə keçib.

Ruhu şad olsun!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.