REGİONLAR
Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir
Füzuli, 28 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay ömür sürməsinə baxmayaraq, çox şərəfli və mürəkkəb bir yol keçib, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika olub. AXC qısa müddət ərazində fəaliyyət göstərsə də, onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar olub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Horadiz şəhərində 28 may - Respublika günü münasibətilə keçirilən tədbirdə bildirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, torpaqlarımızın müdafiəsi uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilib.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək 98 il əvvəl yaranan AXC-nin fəaliyyəti və qazandığı uğurlardan, dövlətçilik tariximizdəki rolundan danışıb. Qeyd edilib ki, bu gün Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən dinamik sosial-iqtisadi inkişaf əsası 98 il əvvəl qoyulmuş dövlət müstəqilliyinin bəhrəsidir. AXC-nin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir. Bu gün Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməzdir və əbədidir.
Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın ictimai fikir tarixində, Azərbaycan xalqının dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutduğu vurğulanıb. İkinci dəfə müstəqilliyini əldə edən dövlətimizin möhkəmlənməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edən natiqlər Ulu Öndərimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.