SİYASƏT
Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 25 illiyi münasibətilə Berlində növbəti tədbir keçirilib
Berlin, 29 oktyabr, AZƏRTAC
Berlində fəaliyyət göstərən Azərbaycan Evində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə dövlət müstəqilliyimizin bərpa edilməsinin 25-ci ildönümü münasibətilə növbəti tədbir keçirilib.
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edərək ölkəmizin 25 illik müstəqillik yolundan, ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmlənməsi və qüdrətlənməsi uğrunda mübarizəsindən, ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın əsasını qoymasından danışıb. Səfir Ümummilli Liderin həyata keçirdiyi daxili və xarici siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib, ölkəmizin qazandığı nailiyyətlərdən danışıb.
Diplomat çıxışında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, bir milyon qaçqın və məcburi köçkünün hüquqlarının bu günədək pozulması faktlarını vurğulayıb. Dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün səylərini davam etdirdiyini bildirib.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin direktoru Heydər Mirzə Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə üzləşdiyi çətinliklərdən, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində bu çətinliklərin aradan qaldırılmasına nail olunmasından, ölkəmizin bugünkü inkişafından söhbət açıb.
Tədbirin aparıcısı Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə Şirinova olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin