SİYASƏT


Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyi Dövlət İdarəçilik Akademiyasında qeyd olunub

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində respublikamızın müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunan elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, DİA-nın rektoru, akademik Urxan Ələkbərov Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncamın əhəmiyyətini vurğulayıb. Ötən 25 ildə Azərbaycanda əldə edilən nailiyyətlərlə haqlı olaraq fəxr etdiyini deyən rektor ölkəmizin uğurlu daxili və xarici siyasəti sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadiyyatımızın inkişaf etdiyini, mədəniyyətimizin zənginləşdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib.

U.Ələkbərov vurğulayıb ki, müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşib. Xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz məhvolma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edildi. Həmçinin ictimai-siyasi sabitlik bərqərar oldu və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradıldı. Dövlət müstəqilliyinin ilk illərində “Müstəqilliyimiz dönməzdir, əbədidir” deyən Ümummilli Liderin Azərbaycanın qüdrətli ölkəyə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransda çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə, DİA-nın hüquq kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev, elmi təşkilat şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli, tarix kafedrasının professoru Musa Quliyev məruzə ilə çıxış edərək 25 il əvvəl Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini xalqımızın tarixində böyük hadisə kimi qiymətləndiriblər. Diqqətə çatdırılıb ki, müstəqilliyin qazanılmasında və qorunub saxlanılmasında, möhkəmlənməsində, ölkəmizin müstəqil dövlət kimi dünyaya tanıdılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.