CƏMİYYƏT
Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilən saytın təqdimatı olub
Bakı, 24 sentyabr, AZƏRTAC
“Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyi (ASGA) “Azərbaycan – 25 illik misilsiz inkişaf haqqında virtual təqdimatların təşkili” layihəsi çərçivəsində təşkil etdiyi virtual təqdimatlar silsiləsindən növbəti tədbiri sentyabrın 23-də Gəncədə keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “azerbaijan25.az” saytının təqdimatı olub.
Təqdimat mərasimində çıxış edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Azərbaycanın müstəqilliyinin bərpasından ötən 25 ildə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində paytaxtla yanaşı, bölgələrin də sürətlə inkişaf etdiyini deyib.
Layihə və sayt barədə məlumat verən ASGA-nın sədri Səbuhi Abbasov son 25 ildə ölkəmizin dünyada layiqli yer tutmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, bu gün qazandığımız bütün uğurlara görə ümummilli lider Heydər Əliyevə borcluyuq. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam və inkişaf etdirilməsi isə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.
Qeyd olunub ki, saytda müstəqilliyin bərpasından sonrakı dövrdə ölkəmizdə bütün sahələrdə əldə edilən inkişaf barədə ətraflı məlumat verilir.
Digər çıxışlarda da Azərbaycanın qazandığı uğurların təbliğində belə layihələrin önəmi vurğulanıb.
Sonda layihənin icrasında fəallığı ilə seçilən gənclər mükafatlandırılıblar.