SİYASƏT
Azərbaycanın müstəqilliyinin bünövrəsi Heydər Əliyevin ideyaları əsasında qurulub
Bakı, 10 may, AZƏRTAC
Ulu öndərin Azərbaycan dövlətçiliyinin xilası naminə gördüyü işlərin miqyasını zaman keçdikcə daha dərindən dərk edir, Azərbaycanın müstəqilliyinin möhkəm bünövrəsinin Heydər Əliyev ideyaları əsasında qurulduğunu aydın görürük.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər mayın 10-da Agentlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbirdə səslənib.
Agentliyin sədri Akim Bədəlov Azərbaycan xalqının tarixinə qızıl səhifələr yazmış ümummilli lider Heydər Əliyevin müstəqillik illərində ölkəyə yenidən rəhbərlik etməsinin xalqımıza böyük uğur və xoşbəxtlik gətirdiyini qeyd edib. Bildirib ki, Ulu Öndər dövlət müstəqilliyimizin əsasını ölkənin iqtisadi vəziyyətinin kökündən yaxşılaşdırılmasında, respublikanın ən zəruri ərzaq və sənaye malları ilə özünü təmin etməsində, enerji təhlükəsizliyində, xarici siyasətdə Azərbaycanın mənafeyinə uyğun addımlar atılmasında görürdü.
Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı, hərtərəfli tərəqqisi, həyata keçirilən qlobal layihələr Azərbaycanın yeniləşməsinə və dünyaya yeni formada təqdim edilməsinə imkan yaradan müsbət dəyişikliklər məhz Ulu Öndərin müəyyənləşdirdiyi yolun davamıdır. Dövlətimizin başçısının hər sahədə olduğu kimi, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində bu sahədəki tərəqqi ildən-ilə daha da artır.
Tədbir çərçivəsində eyni zamanda cari ilin mart–aprel aylarını əhatə edən “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” devizi ilə orta məktəblərdə aparılan silsilə maarifləndirmə tədbirlərinin yekununa həsr olunan çıxışlar da səsləndirilib.
Geniş miqyaslı maarifləndirmə proqramı çərçivəsində məktəb direktorları, Dövlət Agentliyinin əməkdaşları və KİV nümayəndələrinin iştirakı ilə Azərbaycanda yaşıl enerjinin təbliği üzrə bilik və bacarıqlarını nümayiş etdirən məktəblilər Dövlət Agentliyi tərəfindən mükafatlandırılıb.
Tədbirin digər iştirakçıları da öz çıxışlarında milli dövlətçiliyimizin banisi, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin xidmətlərindən bəhs edib, onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb, məktəbliləri bu irsi daha dərindən öyrənməyə çağırıblar.
Sonda dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə Təhsil Nazirliyinin və Bakı şəhər Təhsil İdarəsinin nümayəndələri, paytaxtın bir sıra məktəblərinin direktorları, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.