İQTİSADİYYAT
Azərbaycanın nanotexnologiyalar üzrə əldə etdiyi nailiyyətlər italiyalı professorları Bakıya gətirir
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycanın nanotexnologiyalar üzrə əldə etdiyi nailiyyətlər italiyalı alimlərin marağını və diqqətini çəkib. Bununla əlaqədar italiyalı alimlərin Bakıya gələrək nanotexnologiyalar üzrə müzakirə və məsləhətləşmələr aparacaqlar.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin (YTTM) elmi tədqiqat şöbəsinin müdiri Rasim Cabbarov məlumat verib.
O deyib ki, təmsil etdiyi mərkəz ilə İtaliyanın Milli Tədqiqat Şurası (CNR) Elektronika və Maqnetizm İnstitutunun əməkdaşları arasında "Silisium platformu ilə inteqrasiya üçün germanium əsaslı sensorlar və infraqırmızı işıq diodları" mövzusunda alınan nəticələr müzakirə ediləcək.
"Bu müzakirənin aparılması üçün Elektronika və Maqnetizm İnstitutunun professorları Claudio Ferrari, M.Bosi, Francesca Rossi Bakıya gələcək. Səfərin sentyabrın 7-də reallaşdırılması planlaşdırılıb", – deyə R.Cabbarov qeyd edib.