REGİONLAR


Azərbaycanın neft-kimya sənayesi özünün inkişaf dövrünü yaşayır VİDEO

A+ A

Sumqayıt, 20 avqust, AZƏRTAC

Sumqayıtın modernləşən neft-kimya sənayesi bu gün özünün inkişaf dövrünü yaşayır. Dövlətimizin başçısının bu sahəyə olan diqqəti, tapşırıq və tövsiyələri bütövlükdə Azərbaycanın neft-kimya sənayesinin perspektiv inkişafına göstərilən qayğının real təzahürüdür.

“Azərikimya” İstehsalat Birliyindən AZƏRTAC–a bildirilib ki, 2017-2019-cu illər üçün əsas hədəf “SOCAR Polymer”də yeni tikilən polipropilen və polietilen istehsalatlarını tələb olunan miqdarda və keyfiyyətdə polimer markalı xammalla təmin etmək, maye xammala alternativ olan qaz xammalın tətbiqidir. Bunun üçün Birlik EP-300 qurğusunun mövcud propan-propilen fraksiyasının ayrılması bölməsini rekonstruksiya etməklə, avadanqlıqların məhsuldarlığının ildə 130 min tondan 190 min tonadək çatdırılması və yeni istehsalat qurğularının tikintisi layihələrini həyata keçirir.

“Azərikimya”nın Etilen-Polietilen zavodunda hazırda modernizasiya proqramı çərçivəsində təmir işləri gedir. Zavodun istehsalata və keyfiyyətə nəzarət, sənaye-sanitar sahələrini özündə birləşdirən laboratoriyası əsaslı təmir olunub. Burada istehsal edilən məhsullar dünya bazarlarına çıxarılır.

Ötən ilin sonunda istifadəyə verilən Butilen-butadien fraksiyasının hidrogenləşməsi qurğusunun layihə gücü ilkin mərhələdə ildə 120 min tondur. Yaxın perspektivdə isə bu rəqəmin ildə 250 min tona çatdırılması nəzərdə tutulur. 2013-cü ildə istismara verilmiş müasir tipli susoyutma qurğusu zavodda innovasiyalı texnologiyalar əsasında yaradılıb ki, bu da kompleksin dayanıqlı və səmərəli işini təmin edib.

“SOCAR Polymer” layihəsi miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən nəhəng layihədir. Şirkətin iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. Bu qurğular 2018-ci ildə istismara veriləcək.

Hazırda ölkəmiz aşağısıxlıqlı polietileni ixrac, yüksəksıxlıqlı polietileni isə idxal edir. Layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. İstehsal ediləcək məhsulların 30 faizi yerli bazara, 70 faizi isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq.

Layihə ixtisaslı mütəxəssislərin cəlb edilməsi ilə yanaşı, tələbələrin də zavodlarda təcrübə qazanmalarına imkan yaradacaq. Bu layihənin icrası Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək, çoxlu sayda yeni iş yerinin açılmasına gətirib çıxaracaq. “SOCAR Polymer” şirkəti layihənin ətraf mühit komponentinə də xüsusi əhəmiyyət verir.

Hazırda tikintisi sürətlə gedən Karbamid zavodunun inşası layihəsi isə dövlətimizin başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı (2008-2015-ci illər) çərçivəsində həyata keçirilir. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Burada azot gübrələrinin istifadəsi üçün əsas xammal qismində təbii qazdan istifadə ediləcək. İstehsal üçün illik qaz sərfiyyatının 435 milyon kubmetr olması gözlənilir. Zavod gündəlik 1200 metrik ton ammonyak və 2000 metrik ton karbomid istehsal edəcək.

Zavodda istehsal olunacaq azot gübrələri daxili tələbatı ödəyəcək (illik təxminən 650-660 min ton) və eyni zamanda, dünya bazarlarına ixrac olunacaq. Hazırda Türkiyə karbamidin ixracı üçün əsas bazar kimi nəzərdə tutulur.

SOCAR tərəfindən bu layihənin icra edilməsi ölkə iqtisadiyyatının əsas sektorlarından olan kənd təsərrüfatının inkişafına böyük dəstək verəcək. Zavodun tikintisinin 2017-ci ilin sonunda yekunlaşması, 2018-ci ilin əvvəlində istismara verilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.