İQTİSADİYYAT
Azərbaycanın növbəti ixrac missiyası Dubaya gedir
Bakı, 25 noyabr, AZƏRTAC
“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası noyabrın 27-dən 30-dək Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə təşkil olunacaq.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZRTAC-a bildiriblər ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və ölkəmizin şirkətlərinin nümayəndələrinin daxil olduğu ixrac missiyası səfər zamanı “Carrefour”, “Spinneys”, “Union Co-op” kimi iri market şəbəkələrində olacaq. Səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri AZPROMO və “Dubay Exports”un təşkilatçılığı ilə ərəb şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir.