REGİONLAR


Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir

A+ A

Naxçıvan, 19 oktyabr, AZƏRTAC

Bu gün ölkəmizin əldə etdiyi misilsiz nailiyyətlərin hamısı ulu öndər, böyük dövlət xadimi Heydər Əliyev siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi nəticəsində mümkün olub. Bu möhtəşəm təlim sabahkı uğurlarımızın da etibarlı qarantıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir.

“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü ilə əlaqədar universitetin Heydər Əliyev və Dövlətçilik Mərkəzində keçirilən Heydər Əliyev lektoriyasının növbəti məşğələsində səsləndirilib.

“Ümummilli lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusuna həsr edilən lektoriyanı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq dahi şəxsiyyətin Vətən və xalq naminə gördüyü misilsiz işlərdən danışıb.

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli bildirib ki, müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər Əliyev şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın parlaq simvoluna çevrilib. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin ölməz işıqlı obrazı yaşayır. Dövlətçilik tariximizdə müstəsna yeri olan Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və siyasi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının reallaşdırılmasına, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Dahi şəxsiyyətin misilsiz fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərq ilə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.

Məruzəçi vurğulayıb ki, xilaskarlıq missiyası Ümummilli Liderin genişmiqyaslı fəaliyyətinin əsasını təşkil edib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və əzmkarlığa malik Ulu Öndərimiz Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişi ilə ölkəmizi tənəzzül burulğanından çıxararaq imzalar içində imzası olmayan, hətta keçmiş SSRİ məkanında belə yaxşı tanınmayan respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldib. Heydər Əliyev fenomeni xarici dövlətlərin tanınmış siyasi liderlərinin, kütləvi informasiya vasitələrinin daim diqqət mərkəzində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.