İDMAN


Azərbaycanın paralimpiya komandası “Rio-2016”da güclü heyətlə təmsil olunacaq

A+ A

Bakı, 22 iyul, Səxavət Quliyev, AZƏRTAC

Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunacaq. Millimiz “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıb. Bu, London Paralimpiadası ilə müqayisədə çoxdur. Belə ki, 2012-ci ildə Londonda təşkil olunan Paralimpiya Oyunlarında 21 idmançı 36 lisenziya qazanmışdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 22-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib.

XV Yay Paralimpiya Oyunlarının bayraqdarının müəyyənləşdiyini bildirən AMPK-nin prezidenti mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi İlham Zəkiyevin aparacağını deyib.

İ.Rəhimov bildirib ki, Azərbaycan millisi sentyabrın 2-də Rio-de-Janeyroya yola düşəcək. Paralimpiya Oyunlarının açılış mərasimi sentyabrın 7-də, bağlanışı isə 18-də təşkil olunacaq.

Son dörd il ərzində paralimpiyaçılarımızın 161 medal qazandığını bildirən İ.Rəhimov bunların 64-nün qızıl, 57-nin gümüş, 40-nın isə bürünc olduğunu vurğulayıb. O deyib: “Hesabat dövründə iki paralimpiyaçımız dünya rekordunu yeniləyib. Bunlar nizə atan İradə Əliyeva və ağır atlet Elşən Hüseynovdur. Milli komandamızın üzvləri 61 təlim-məşq toplanışında iştirak ediblər. Bu hazırlıq proseslərindən 17-si xaricdə, 44-ü isə respublikamızda təşkil olunub”.

Bakıda və regionlarda 11 Paralimpiya festivalının keçirildiyini bildirən İ.Rəhimov bunlardan dördünün beynəlxalq statusa malik olduğunu diqqətə çatdırıb.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan AMPK prezidenti Paralimpiya hərəkatının inkişafında görülən işləri yüksək qiymətləndirib, belə layihələrin bundan sonra da davam edəcəyini vurğulayıb.

Paralimpiyaçılarımızın dördilliyin zirvə yarışına plana uyğun hazırlaşdığını bildirən İ.Rəhimov idmançılarımızın potensialından danışıb və ölkəmizin “Rio-2016”da güclü heyətlə təmsil olunacağını deyib. Qeyd edib ki, son dörd ildə Beynəlxalq Paralimpiya Komitəsi, aidiyyəti beynəlxalq qurumlar və inkişaf etmiş ölkələrin Milli Paralimpiya komitələri ilə əlaqələr genişləndirilib. Komitənin əməkdaşları 15 beynəlxalq assambleya, konfrans və seminarda iştirak ediblər. Aparılmış məqsədyönlü işlər nəticəsində Braziliya və Macarıstan Milli Paralimpiya komitələri, həmçinin Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.