CƏMİYYƏT


Azərbaycanın peşə təhsili sistemi dinamik dəyişən əmək bazarının tələbinə uyğunlaşdırılır

A+ A

Bakı, 10 sentyabr, Xatirə Cəfərova, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli Fərmanına əsasən Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb və Əsasnaməsi təsdiq edilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, iqtisad elmləri doktoru, professor Famil Mustafayev AZƏRTAC-a müsahibəsində fəaliyyətin əsas istiqamətlər barədə məlumat verib.

-Agentlik ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır. Prezidentin Fərmanında agentliyin vəzifələri, hüquqları, fəaliyyətinin təşkili və əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Agentliyin əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

•peşə təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsi;

•ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi;

•ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının inkişafı;

•işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində yeni proqramların həyata keçirilməsi;

•qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınması ilə bağlı metodikaların hazırlanması və tətbiqinin təmin edilməsi.

Cari tədris ilində peşə təhsinə əmək bazarının tələbinə uyğun 15 yeni ixtisas əlavə edilib

Peşə təhsili sisteminə xüsusi diqqət ayrılması müxtəlif sahələrdə yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinə nail olmaq istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bu məqsədi reallaşdırmaq üçün nəzərdə tutulan tədbirlər və ilk növbədə həllini gözləyən əsas məsələlər barədə danışan Famil Mustafayev deyib:

- Bu gün Azərbaycanda aparılan islahatların mühüm bir istiqaməti olan qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası baxımından peşə təhsili daha da aktuallaşıb. Prezident İlham Əliyevin bu sahəyə böyük diqqət və qayğısı sayəsində peşə təhsili ölkəmizdə prioritet sahələrdən biri kimi müəyyən olunub.

İlk növbədə, peşə təhsilinə dair yeni normativ-hüquqi bazanın formlaşdırılması, kadr hazırlığı işinin, peşə təhsilinin məzmununun müasir tələblər baxımından yenilənməsi, maliyyə təminatı, maddi-texniki bazanın və idarəetmənin təkmilləşdirilməsi istiqamətlərində fəaliyyətimizi həyata keçirməyi düşünürük. Hazırda “Peşə təhsili haqında” Qanun layihəsinin və peşə təhsilinin inkişafı üzrə uzunmüddətli dövlət proqramının hazırlanması məqsədilə müvafiq işlər aparılır. Paralel olaraq ilk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatının yenilənməsi işini davam edirik. Təkcə cari tədris ilində əmək bazarının tələbinə uyğun olaraq bu təsnifata 15 yeni ixtisas əlavə edilib.

Məzunlara veriləcək təhsil sənədinin beynəlxalq təşkilatlar tərəfindən tanınması istiqamətində müvafiq iş aparılır

Agentliyin direktoru peşə təhsilinin məzmunun yenilənməsi və müasirləşməsi istiqamətində beynəlxalq tərəfdaşlarla həyata keçirilən birgə layihələr barədə məlumat verərək deyib:

- Tərəfdaşlar sırasına Koreya Hökuməti, Avropa İttifaqı, Norveç Hökuməti, British Council, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), BMT İnkişaf Proqramı (UNDP), BP və digər beynəlxalq tərəfdaşlar daxildir. Onların iştirakı ilə birgə layihələr həyata keçirilir. Yeni tədris proqramları (kurikulumlar) və dərs vəsaitlərinin hazırlanması prosesi davam etdirilməkdədir. Knauff şirkəti ilə əməkdaşlıq çərçivəsində elektron dərsliklər hazırlanıb.

Yerli və beynəlxalq əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının təşkili, məzunlara veriləcək təhsil sənədinin beynəlxalq təşkilatlar tərəfindən tanınması istiqamətində də müvafiq işlər görülür. Belə ki, Ukraynanın “İT STEP Academy” şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində şəbəkə texnologiyaları və sistem inzibatçılığı, kompyuter qrafikası və dizayn, proqram təminatının yaradılması ixtisasları üzrə birgə fəaliyyət nəzərdə tutulub. Bundan başqa Böyük Britaniyanın peşə ixtisasına əsaslanan City&Guilds (C&G) London İnstitutu ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təlimin keçirilməsi və beynəlxalq sertifikatın verilməsini nəzərdə tutan və dövlət-biznes partnyorluğuna əsaslanan layihənin üzərində də müvafiq işlər aparılır.

Kadr hazırlığı işinin təkmilləşdirilməsi çərçivəsində Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə ilk peşə-ixtisas təhsili və təlimi sahəsində çalışan mütəxəssislər üçün Bakı şəhəri və regionlarda idarəetmə və pedaqogika üzrə təlimlər keçirilib və “Təhsil menecerlərinin təlimləndirilməsi” komponenti üzrə 2016-cı ilin aprel ayından etibarən müsabiqə əsasında 5 nəfər seçilərək peşə təhsilinin menecmenti ixtisası üzrə magistratura səviyyəsində təhsil almaq üçün Almaniyanın Maqdeburq Universitetinə göndərilib. Əlavə olaraq, beynəlxalq və yerli layihələr çərçivəsində bu sahədə çalışan müəllim pedaqoji heyətin təlimlər və seminarlarda iştirakı təmin olunub.

Səkkiz ixtisas üzrə beynəlxalq standartlara uyğun tədrisin həyata keçiriləcəyi Peşə Təhsil Mərkəzi tikiləcək

Famil Mustafayev müsahibəsində peşə təhsilinin maddi-texniki bazanın yenilənməsi və İdarəetmənin təkmilləşdirilməsi istiqamətində nəzərdə tutan tədbirlər barədə də məlumat verib:

- Bu il Cənubi Koreya Respublikasının İqtisadi İnkişaf Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində sənaye və innovasiyalar istiqamətində 8 ixtisas üzrə beynəlxalq standartlara uyğun tədrisinin həyata keçiriləcəyi yeni Peşə Təhsil Mərkəzinin tikintisinə başlanacaq. Əlavə olaraq, Qəbələ Peşə Məktəbinin bazasında beynəlxalq ekspertlərin cəlb olunması ilə turizm və kənd təsərrüfatı ixtisasları üzrə Regional Təhsil Mərkəzinin yaradılması istiqamətində işlərin yaxın vaxtlarda yekunlaşması gözlənilir.

İdarəetmənin təkmilləşdirilməsi istiqamətlərində Bakı və Gəncə şəhərlərində yerləşən eyni peşə istiqamətləri üzrə paralel kadr hazırlığını həyata keçirən ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması layihəsi müvafiq dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Bundan sonra həmin şəhərlərdə yerləşən ilk peşə-ixtisas təhsili müəssisələri sadəcə sıra nömrələri ilə deyil, ixtisaslara görə (sənaye, texnika, turizm və s.) adlandırılacaq.

Dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə modelinin yaradılması istiqamətində Təhsil Nazirliyi British Council və turizm-xidmət sənayesində uğurla fəaliyyət göstərən “Hilton Hotel” və “Fairmont Hotel” ilə birlikdə ilk peşə-ixtisas təhsili sahəsində pilot layihələr çərçivəsində 12 müəllim və 45 nəfər şagirdin iştirakı ilə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər və mehmanxanalarda təcrübə proqramı keçirilib. Burada işəgötürənlər kurikulumların dizaynının hazırlanmasına və şagirdlərin müsabiqədən keçirilməsinə cəlb olunublar. Layihənin dayanıqlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyinin, ilk peşə-ixtisas təhsili müəssisəsi və mehmanxanaların nümayəndələrindən ibarət (“Absheron Hotel Group”, “Hilton Hotel”, “Fairmont Hotel”, “Four Seasons Hotel”, “Hyatt Regency Hotel”, “Marriott Hotel”) idarəedici komitə yaradılıb. Əlavə olaraq, “Azərbaycan Gənclərinin Nailiyyəti” İctimai Birliyi, “British Council” və “Azercell Telekom” ilə birlikdə informasiya-kommunikasiya texnologiyaları və telekommunikasiya sahəsində 30 müəllim və 120 şagird təlimlərə cəlb edilib və müsahibədən keçənlər “Azercell Telekom” MMC-də istehsalat təcrübəsi keçiblər.

Qeyri-neft sektorunun inkişafına yönəlmiş ixtisaslar üzrə şagird qəbulu üstünlük təşkil edəcək

İlkin mərhələdə qarşıda duran ümdə məsələlərdən biri peşə təhsilini əmək bazarının dəyişən tələbatına uyğunlaşdırmaqdır. Bu barədə danışan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru deyib:

- Ötən tədris ilində cəmi 123 ixtisas üzrə şagird qəbulu planlaşdırıldığı halda, yeni tədris ilində əmək bazarının dəyişən tələbatını nəzərə alaraq, 154 ixtisas üzrə şagird qəbulunun həyata keçirilməsi nəzərdə tutulub. Bu il ilk dəfə büdcə hesabına daha çox qeyri-neft sektorunun inkişafına təkan verəcək və yeni əlavə dəyər yaradan ixtisaslar üzrə şagird qəbulu planı nəzərdə tutulub. Peşə təhsili üçün nisbətən az əhəmiyyət kəsb edən, lakin təhsilalanlarda daha çox maraq doğuran mühasib, əməliyyatçı-mühasib, kompyuter operatoru və bu kimi digər ixtisaslar üzrə ödənişli əsaslarla qəbul planı proqnozlaşdırılıb. Peşə təhsilinə dövlət qayğısının artması və əhalinin sosial vəziyyəti nəzərə alınaraq, ödənişli əsaslarla təhsil haqlarının məbləği azaldılıb. Belə ki, illik təhsil haqqının yuxarı həddi 650 manatdan 500 manata kimi azaldılıb və ən aşağı təhsil haqqı 350 manat məbləğində müəyyənləşdirilib.

Bu il həmçinin Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrində dövlət vəsaiti hesabına şagird qəbulu “ASAN peşə” layihəsi çərçivəsində reallaşdırılıb. Bu layihə vətəndaşların rahatlığının təmin olunması, ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində şəffaflığın təmin edilməsi və subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir. Ümumilikdə 83 ixtisas üzrə 4160 (ondan 3560 Bakı şəhəri və 600 Gəncə şəhəri üzrə) qəbul yeri müəyyənləşdirilib və bu yerlərə qəbul üçün 5904 nəfər müraciət edib. İlkin nəticələr gələcəkdə bu işin regionlarda da davam etdirilməsinə zəmin yaradır.

Eyni zamanda qeyd etmək istərdim ki, Azərbaycanda peşə təhsili sisteminin yeni imicinin formalaşdırılması, iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun səviyyəyə çatdırılması bizim qarşımıza qoyulan əsas hədəflərdir. Agentlik olaraq, mövcud ilk peşə-ixtisas təhsili sisteminin dinamik dəyişən əmək bazarının tələblərinə cavab verməsinin təmin olunması, təhsilalanların ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlanması, ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalının inkişaf etdirilməsi və beynəlxalq rəqabətqabiliyyətliliyinin yüksəldilməsi sahəsində məsuliyyətimizi də dərk edərək bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.