CƏMİYYƏT
Azərbaycanın qaçqın və məcburi köçkünlərin, miqrantların hüquqlarının təmini sahəsində təcrübəsi nümunədir
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ekspertləri Aydoğan Asar və Murat Öğdü ilə görüş keçirilib.
Görüşün məqsədi hazırda BMqT tərəfindən ölkəmizdə icra olunan “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində qanunsuz miqrantların saxlama mərkəzlərinin əməkdaşları üçün hazırlanacaq tədris vəsaiti və təlim kurikulumunun müzakirəsi, bununla bağlı yeni strategiyalarının müəyyən edilməsi sahəsində təcrübənin tətbiqinə dair fikir və məlumat mübadiləsi aparmaq olub.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı görüşdə deyib ki, ölkəmizdə uğurla həyata keçirilən islahatlar nəticəsində davamlı miqrant axınının tənzimlənməsi ilə bağlı bir sıra işlər görülüb, miqrantların hüquq və azadlıqlarının müdafiəsi üzrə qanunvericiliyə əlavə və dəyişikliklər edilib, institusional sahədə bir sıra tədbirlər həyata keçirilib. O, həmçinin Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizinin işğal olunduğunu, bir milyondan artıq azərbaycanlının insan hüquqlarının kütləvi surətdə pozulduğunu, öz yurdunda qaçqına və məcburi köçkünə çevrildiyini, bu ağır vəziyyətin uzun illərdir ki, davam etdiyini bildirib.
Azərbaycanın qaçqın və məcburi köçkünlərin, o cümlədən miqrantların hüquqlarının təmini sahəsində təcrübəsinin digər ölkələr üçün nümunə ola biləcəyi xüsusi vurğulanıb.
A.Səfixanlı Ombudsman təsisatının müvafiq sahədə gördüyü işlər barədə qonaqlara ətraflı məlumat verib.
O, ombudsmanın müvafiq sahədə təcrübəsini nəzərə alaraq vəsaitin hazırlanması istiqamətində bir sıra təkliflərini verib və bu prosesdə təsisatın lazımi kömək göstərə biləcəyini vurğulayıb.
Qonaqlar Ombudsman təsisatı ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu söyləyiblər.