İDMAN
Azərbaycanın qadın güləşçiləri Bolqarıstanda dörd medal qazanıblar VİDEO
Bakı, 27 aprel, AZƏRTAC
Qadın güləşçilərdən ibarət Azərbaycan yığması Bolqarıstanın paytaxtı Sofiyada Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə dörd – bir qızıl, iki gümüş və bir bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 53-cü dəfə təşkil olunan turnirdə 55 kiloqram çəki dərəcəsində finalda Azərbaycan təmsilçiləri üz-üzə gəliblər. Bolqarıstan və İtaliya təmsilçilərini üstələyən təcrübəli Nataliya Sinişin finalda digər təmsilçimiz - Tunis və Almaniya güləşçilərinə qalib gələn gənc Alyona Kolesnik ilə qarşılaşıb. Maraqla gözlənilən final görüşü təcrübəli Nataliya Sinişinin qələbəsi ilə yekunlaşıb.
Turnirdə 69 kiloqram çəki dərəcəsində təmsilçilərimiz Nadya Muşka və Elis Manolova ilk görüşdə qarşılaşıblar. Görüşdə qalib gələn Nadya Muşka finala yüksəlmək üçün Bolqarıstan təmsilçisini də üstələyib. Finalda İsveç təmsilçisinə uduzan Nadya Muşka gümüş medalla kifayətlənib. Elis Manolova isə bürünc medal uğrunda Bolqarıstan güləşçisini üstələyib və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.