İDMAN


Azərbaycanın qadın güləşçiləri İslamiadanın finalında

Bakı, 21 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC

Mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarının Heydər Əliyev adına İdman Arenasında keçirilən güləş yarışlarının sonuncu günündə qadın idmançılarımız uğurla mübarizə aparırlar.

AZƏRTAC xəbər verir ki, güləş yarışlarının sonuncu günündə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kiloqram çəki dərəcələrində qadın güləşçilər medallar uğrunda güclərini sınayırlar. Azərbaycan bütün çəki dərəcələri üzrə yarışlarda təmsil olunur.

İştirakçıların sayı beş və ya daha az idmançı olan çəki dərəcələrində mübarizə dairəvi sistem üzrə aparılır. Ən çox qələbə qazanan idmançı həmin çəki dərəcəsi üzrə qalib elan edilir.

İdmançımız Mariya Stadnikin mübarizə apardığı 48 kiloqram çəki dərəcəsində üç idmançı yarışır. O, ilk görüşündə Əlcəzairdən olan rəqibi Keira Çairma Yahiaoi üzərində vaxtından əvvəl - 34 saniyə ərzində tam üstünlüklə qələbə qazanıb. Növbəti görüşlər axşam saatlarında keçiriləcək. Final xarakterli qarşılaşmada Azərbaycan güləşçisinin rəqibi türkiyəli Evin Demirhan olacaq.

Yarışda 53 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova ardıcıl olaraq Türkiyə təmsilçisi Burcu Kevic və Qazaxıstan təmsilçisi Aygül Nuralim üzərində tam üstünlüklə qələbə qazanıb. Leyla Qurbanova IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Dörd idmançının qatıldığı 55 kiloqram çəki dərəcəsində yarışda Natalya Sinişin ilk görüşdə Qazaxıstan təmsilçisinə tam üstünlüklə qalib gəlsə də, ikinci görüşdə Nigeriya idmançısı Odunayo Folasade Adekuoroyeyə uduzub. Güləşçimiz sonuncu görüşdə Türkiyə təmsilçisi Bediha Gün ilə üz-üzə gələcək.

Digər təmsilçimiz Alyona Kolesnik (58 kq) də ilk görüşünü qələbə ilə başa vurub. Final xarakterli son görüşdə güləşçimiz Qırğızıstan təmsilçisi Aysulu Tinibekova ilə qarşılaşacaq.

Tatyana Omelçenkonun (60 kq) mübarizə apardığı çəki dərəcəsində üç idmançı iştirak edir. Birinci dövrəni qələbə ilə başa vuran T.Omelçenko final xarakterli həlledici görüşdə kamerunlu Tiako Essombey ilə qızıl medal uğrunda xalça üzərinə çıxacaq.

Elmira Qəmbərova (63 kq) mübarizəyə yarımfinal mərhələsindən qoşulub. Bu çəki dərəcəsində altı güləşçi yarışır. Yarımfinalda məğlub olan qadın pəhləvanımız bürünc medal uğrunda görüşə çıxacaq.

Elis Manolova (69 kq) Kamerun və Türkiyə idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Qazaxıstan təmsilçisi Zamila Bakbergenova olacaq.

Səbirə Əliyeva (75 kq) keçirdiyi üç görüşdən ikisində tam üstünlüklə qalib gəlib, bir görüşdə uduzub. Final xarakterli sonuncu görüşdə güləşçimizin rəqibi Türkiyə təmsilçisi Yasemin Adar olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.