İDMAN
Azərbaycanın qadın həndbol klubları Avropanın nüfuzlu turnirlərində yarışacaqlar
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycanın qadınlardan ibarət həndbol komandaları Avropanın nüfuzlu klub turnirlərində iştirak edəcəklər.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, ölkə çempionatının qalibi Mingəçevirin “Nur” komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku yarışında, gümüş medalçı “Azəryol” (Bakı) isə “Challenge Cup” turnirində Azərbaycanı təmsil edəcəklər. Hər iki yarışın püşkatma mərasimi iyulun 18-də Avstriyanın Vyana şəhərində keçiriləcək.
EHF kuboku yarışlarında 54 komanda iştirak edəcək. Azərbaycan təmsilçisi birinci təsnifat mərhələsindən yarışa qoşulacaq. İlk mərhələnin qarşılaşmaları sentyabrın 9-10-da, cavab oyunları bir həftə sonra keçiriləcək.
Otuz dörd komandanın yarışacağı “Challenge Cup” turnirinin ilk matçları oktyabrın 14-15-də, cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq. Bakı klubu mübarizəyə üçüncü təsnifat mərhələsindən qoşulacaq. Üçüncü mərhələnin görüşləri noyabrın 11-12-də və 18-19-da oynanılacaq.