İDMAN
Azərbaycanın qadın şahmatçılarının Almaniya yığması ilə yoldaşlıq matçı davam edir
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycanın və Almaniyanın qadın şahmatçılarından ibarət yığmalarının Bakıdakı yoldaşlıq matçı davam edir.
AZƏRTAC xəbər verir ki, hər komandada beş şahmatçı iştirak edir. Görüş Sheveningen sistemi üzrə keçirilir.
Qonaqların komandasında Elizabet Payeş (2469), Sara Hult (2449), Yelena Levuşkina, Tiyes Heynemann (hər ikisi 2284) və Fiona Siyeber (2277) iştirak edirlər. Ölkəmizin yığmasını isə Nərmin Xələfova (2239), Gülnar Məmmədova (2357), Ülviyyə Fətəliyeva (2323), Zeynəb Məmmədyarova (2277) və Xanım Balacayeva (2282) təmsil edirlər.
Dörd oyun günündən sonra Azərbaycan yığması 12:8 hesabı ilə irəlidədir. Matçın dördüncü turunda Azərbaycan komandası Almaniya şahmatçılarına 3,5:1,5 hesabı ilə qalib gəlib.
Partiya üçün vaxta nəzarət: 40 gediş üçün 90 dəqiqə, sonra hər bir iştirakçı üçün partiyanın sonuna qədər 30 dəqiqə üstəgəl birinci gedişdən başlayaraq hər bir gediş üçün əlavə 30 saniyə.