İDMAN
Azərbaycanın qadın voleybolçuları İsrail millisinə qalib gəliblər
Bakı, 2 iyun, P.Rəhimova, AZƏRTAC
İyunun 2-də Bakı İdman Sarayında qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində “E” qrupunda növbəti görüşlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın qadın voleybolçuları qrup mərhələsində keçirdikləri dördüncü oyunu da qələbə ilə başa vurublar. Milli komandamız İsrail yığması ilə oyunda 3:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada ilk setdə Azərbaycan komandası 25:9 hesabı ilə asan qələbə qazanıb. Voleybolçularımız ikinci setdə də çətinlik çəkmədən qalib gəliblər - 25:14. Üçüncü seti də qələbə (25:18) ilə başa vuran Azərbaycan komandası matçda qalibiyyətini rəsmiləşdirib.
Günün sonuncu oyununda isə Hollandiya millisi Ukrayna yığmasına qalib gəlib – 3:1 (30:28, 18:25, 25:13 və 27:25).
Xatırladaq ki, günün ilk oyununda Norveçin qadın voleybolçuları Danimarka yığması üzərində 3:1 hesablı qələbə qazanıblar (21:25, 25:21, 25:23 və 25:15).
Hazırda Azərbaycan və Hollandiya milli komandaları 12 xalla qrupa başçılıq edirlər. Ukrayna milli komandası 6 xalla ikinci, İsrail və Norveç yığmaları isə 3 xalla dördüncü və beşinci pillədə qərarlaşıblar. Sonuncu yerdə olan Danimarka millisinin isə hesabında xal yoxdur.
“E” qrupu çərçivəsində iyunun 3-də keçiriləcək sonuncu turun saat 15:00-da oynanılacaq ilk görüşündə Norveç və İsrail milli komandaları üz-üzə gələcəklər. Günün ən maraqlı qarşılaşması liderlər arasında oynanılacaq. Azərbaycan və Hollandiya yığma komandaları qarşılaşacaqlar. Bu qarşılaşma saat 17.30-da başlayacaq. Sonuncu görüş isə Ukrayna və Danimarka voleybolçuları arasında keçiriləcək.