İDMAN
Azərbaycanın qadınlardan ibarət “Atasport” klubu qitəmiqyaslı turnirin finalının bir addımlığında büdrədi
Bakı, 25 may, AZƏRTAC
Belarusun paytaxtı Minsk şəhərində keçirilən otüstü hokkey üzrə Avropa Klub Çempionatının "Trofi" divizionunda mübarizə aparan Azərbaycanın qadınlardan ibarət “Atasport” klubu ilk oyununda Ukraynanın "Sumçanka" komandası üzərində 2:1 hesablı qələbəsindən sonra İrlandiyanın “Pembrok Vandeders” və Belçikanın “Royal Vellington” klubları ilə 2:2 hesablı heç-heçəyə nail olub.
AZƏRTAC Azərbaycan Otüstü Hokkey Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, nəticədə Belçika hokkeyçiləri ilə eyni miqdarda xal toplayan həmyerlilərimiz topların fərqinə görə “B” qrupunda ikinci yeri tutaraq “A” qrupunda eyni nəticə göstərən yerli “Minsk” komandası ilə qarşılaşıblar. Təəssüf ki, bu oyunda qadınlarımız belaruslu rəqiblərinə 1:4 hesabı ilə uduzublar.
Ölkəmizin kişilərdən ibarət “Atasport” və “Akkord” klubları qrup mərhələsinin oyunlarını martın 22-25-də keçiriblər. Azərbaycan çempionu “Atasport” ötən il “Trofi” divizionunda debütünü üçüncü yeri tutmaqla qeyd etsə də, bu il həmin nəticəni yaxşılaşdıra bilməyib. İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən turnirin “B” qrupunda çıxış edən “Atasport” ilk turda Çexiya hokkeyçiləri ilə görüşü heç-heçə (2:2) başa vuraraq ertəsi gün Uelsin “Vitçeç”, bir gün sonra isə İtaliyanın “Amsicora” klubları üzərində 3:1 hesablı qələbə qazanıb. Kişilərdən ibarət klubumuz da qadınlarımız kimi, top fərqinə görə Çexiyanın “Slaviya Praqa” komandasından geri qalaraq qrupda ikinci yerlə kifayətlənməli olub.
Bu gün hokkeyçilərimiz pley-off mərhələsində digər qrupun ikincisi - İrlandiyanın “Thre Rosk Rovers” komandası ilə qarşılaşacaqlar.
Dörd il əvvəl qitəmiqyaslı yarışın “Çelenc 4” divizionunda debüt edən Bakının kişilərdən ibarət “Akkord” klubu hər il bir pillə irəliləyərək ötən mövsüm “Çelenc 1” turnirində çıxış etmək hüququ qazanmışdı. Lakin klubumuz bu dəfə ənənəsini davam etdirə bilməyərək geriyə addım atıb. “B” qrupunda yarışan həmyerlilərimiz ilk oyunda Türkiyənin “Qaziantep Polis Gücü” klubuna 3:4, sonrakı qarşılaşmalarda isə Avstriyanın “Navax AHTC Vien” klubuna 1:2, Xorvatiyanın HANK “Mladost” komandasına 1:4 hesabı ilə uduzaraq qrupda sonuncu yeri tutublar.
Bu gün pley-off mərhələsində “Servette”(İsveç) klubuna da 1:2 hesabı ilə uduzan “Akkord” gələn mövsüm “Çelenc 2” divizionunda yarışmalı olacaq.