ELM VƏ TƏHSİL


Azərbaycanın qədim arxeoloji mədəniyyətləri ilə bağlı əldə olunmuş nəticələr böyük əhəmiyyət daşıyır

Bakı, 5 dekabr, AZƏRTAC

Fransanın paytaxtı Parisdə yerləşən UNESCO-nun baş ofisində, “Tarix və yaddaşın dialoqu” bölməsinin sosial transformasiyalar və mədəniyyətlərarası dialoq şöbəsinin humanitar və ictimai elmlər sektorunun təşkilatçılığı ilə “Qədim Kiçik Asiyada böyük miqrasiyalar: köçlər, dövriyyə və sosial dəyişikliklər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Böyük Britaniya, Fransa, Rusiya, Monqolustan, Portuqaliya və İrandan dəvət edilmiş, tarix, arxeologiya, genetika və linqvistika ixtisasları üzrə 15 mütəxəssisin məruzəsi dinlənilib, geniş elmi diskussiyalar aparılıb.

Beynəlxalq tədbirdə ölkəmizi təmsil edən, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev “Cənubi Qafqazın qədim mədəniyyətləri və Anadolu (e.ə. VI-III minilliklər)” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə son illər Azərbaycanın ən qədim dövrünə aid olan arxeoloji abidələrində müxtəlif elmlərin fövqündə aparılan arxeoloji tədqiqatların nəticələri və Azərbaycan–Anadolu, Anadolu–Azərbaycan arxeoloji mədəniyyətlərinin biri-birinə olan qarşılıqlı təsiri əsas yer alıb. Konfransda iştirak edən digər ekspertlərin rəyinə əsasən Azərbaycanın qədim arxeoloji mədəniyyətləri ilə bağlı son illər əldə olunmuş nəticələr ən qədim dövrlərdə Ön Asiyada, o cümlədən Kiçik Asiyada baş vermiş sosial-mədəni proseslərin anlaşılmasında böyük əhəmiyyət daşıyır.

UNESCO-nun sanballı elmi mühitdə təşkil etdiyi beynəlxalq tədbirin nəticələri iştirakçılar tərəfindən yüksək dəyərləndirilib, gələcəkdə mövzu ilə bağlı yeni konfransların keçirilməsinin vacibliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.