SİYASƏT
Azərbaycanın səfiri Litvanın daxili işlər naziri ilə görüşüb
Vilnüs, 22 may, AZƏRTAC
Mayın 21-də Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin daxili işlər naziri Saulius Skvernelis ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin son illər ərzində Litva Daxili İşlər Nazirliyi ilə sıx və məhsuldar əməkdaşlığı, qarşılıqlı səfərlərin həyata keçirilməsi, konkret işlərin aparılması xüsusi vurğulanıb. Eyni zamanda, bu cür təcrübənin Litva Daxili İşlər Nazirliyinin digər fəaliyyət istiqamətləri üzrə də davam etdirilməsinin mümkünlüyü qeyd edilib və Azərbaycan Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsinin maraq kəsb etdiyi bildirilib.
Miqrasiya məsələlərinə toxunan S.Skvernelis hazırda əcnəbilərin Litvada təhsil aldıqdan sonra ölkədə qalıb işləməyə icazə verən qanuna baxıldığını qeyd edib. Səfir Azərbaycan Prezidenti tərəfindən təhsil sahəsinə xüsusi diqqətin yetirildiyini bildirib. O, hazırda Litvanın 5 universitetinin Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramına daxil edildiyini və Litva ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs