MƏDƏNİYYƏT


“Azərbaycanın sehrli abidələri” kitabının təqdimatı olub

A+ A

Bakı, 13 iyun, AZƏRTAC

İyulun 13-də Müasir İncəsənət Muzeyində “Azərbaycanın sehrli abidələri” kitabının təqdimatı keçirilib. Kitabın müəllifləri: sənətşünaslıq doktoru, Azərbaycan Memarlar İttifaqının məsul katibi Elçin Əliyev və onun oğlu 10-cu sinif şagirdi Naib Əlizadədir.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi “NARGİZ” jurnalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.

Muzeyin direktoru Xəyyam Abdinov bildirib ki, kitabın müəllifi Elçin Əliyev, həmçinin Bakı və Azərbaycanın memarlığına həsr olunmuş bir çox nəşrlərin müəllifidir. Onun “Bakı memarlıq abidələrində fasad heykəltəraşlıq nümunələri”, “Məkanların Astanasında. Bakı tarixini yazan qapılar” kitabları Heydər Əliyev Fondu tərəfindən çap edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov kitabın nəşrinin uşaqlara dəstək baxımından gözəl təşəbbüs olduğunu söyləyiblər.

Müəllif Elçin Əliyev bildirib ki, kitabı nəşr etməkdə məqsəd gənc nəsli Azərbaycanın çoxsaylı memarlıq abidələri ilə tanış etməkdir. O, kitabda yer alan memarlıq abidələri haqqında yazılmış maraqlı hekayətlər müəllifi olduğunu söyləyib. “Azərbaycanı gəzib həmin abidələrin fotolarını çəkmişik və fotoların əsasında Əməkdar Rəssamı Nüsrət Hacıyev rəsmlərini işləyib”.

Təqdimatda çıxış edən Nüsrət Hacıyev kitabda ölkəmizin bütün guşələrində olan memarlıq abidələrinin əks olunduğunu söyləyib. Qeyd edib ki, illüstrasiyalarla yanaşı, bu abidələr haqqında dolğun məlumatlar verilir.

Tədbirdə Naib Əlizadənin “Naxçıvanın Qarabağlar türbəsi”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Rahibə Əliyevanın “Nardaran qəsrləri və qalaları haqqında” mövzularında çıxışçıları dinlənilib.

Qeyd edilib ki, Azərbaycan sivilizasiyanın ən qədim məskənlərindən biridir. Ölkədə minilliklər ərzində mədəni irsin əsasını təşkil edən abidələr yaradılmış və onların bir çoxu dünya inciləri sırasına daxil edilmişdir. Yer kürəsinin bu gözəl guşəsində maddi mədəniyyətin nadir abidələrinə, keçmiş əsrlərin memarlıq ənənələrinə rast gəlmək olur. XX əsrin sonlarında müstəqilliyini əldə etmiş dövlətin gənc nəsli öz ölkəsinin tarixini və mədəniyyətini dərindən bilməlidir. Gənclərə ali həyat dəyərlərinin əsasını təşkil edən vətənpərvərlik və vətəndaşlıq hislərini aşılamaq üçün bu zəruridir. Uşaqlara ünvanlanan və qədim torpağın memarlıq abidələrindən bəhs edən bu kitab Azərbaycanda dərc edilən ilk unikal bir nəşrdir.

Təqdimatda Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhəri Nizami rayon uşaq-gənclər yaradıcılıq mərkəzinin bədii kollektivi rəqs nömrələri ilə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.