İQTİSADİYYAT
Azərbaycanın sənaye nəhənglərindən olan Sumqayıt Texnologiyalar Parkının bu günü və sabahı
Sumqayıt, 3 mart (AZƏRTAC, Ətrabə Rzayeva). Müasir texnologiyalar əsasında yeni zavodların yaradılması və iş yerlərinin açılması məqsədi ilə 2007-ci ildən Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Azərbaycanda ilk dəfə olaraq nəhəng bir müəssisənin təməli qoyuldu. Bu gün həmin sənaye nəhəngi - Sumqayıt Texnologiyalar Parkı (STP) ölkənin qeyri-neft sektorunun flaqmanlarından sayılır.
STP-in icraçı direktoru, fizika elmləri doktoru, əməkdar mühəndis Sahib Musayev AZƏRTAC-a müsahibəsində 17 zavodu birləşdirən texnoparkın bu günü və sabahı haqqında məlumat vermişdir. Belə ki, burada bir-birinin ardınca ən müasir texnologiyalar əsasında yeni zavodlar tikilərək istifadəyə verilir.
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsi olan Sumqayıt Texnologiyalar Parkının ümumi sahəsi 250 hektardır və texnoparkda 4500-dən artıq işçi çalışır. Buradakı müəssisələrin ən böyüyü 6500 çeşiddə məhsul istehsal edən kabel zavodudur. Zavodun məhsullarından məişət avadanlıqlarında, kontakt sistemində geniş istifadə olunur. Yüksək gərginliyə davam gətirən güc kabellərinin MDB məkanında, qonşu Türkiyə və İranda, hətta bir sıra Avropa ölkələrində analoqu yoxdur.
S.Musayev demişdir ki, STP-nin ikinci ən böyük müəssisəsi olan polimer məmulatlar zavodunda su və kanalizasiya polimer boruları, onların fitinqləri istehsal edilir. Gündə 500 ton polimer məhsulları istehsal etmək gücünə malik müəssisədə 50-dən çox istehsal xətti fəaliyyət göstərir.
Texnoparkın sendvic panellər zavodu fasad və arakəsmə divarları, peneplas, profnastil, tor panellər və metal torlar, texniki qazlar zavodu maye və qaz halında oksigen, azot, arqon, maye və quru buz halında karbon istehsalı ilə məşğuldur. Cihazlar zavodu isə Qafqazda ilk elektron cihazları istehsal edən müəssisədir.
STP-nin ağır maşınqayırma zavodunda tikinti-quraşdırma, elektro-energetika, maşınqayırma və digər sahələrdə istifadə olunan metal konstruksiyalar, ağır tonnajlı, körpülü kranlar, hidroturbinlər, külək generatorları, dəqiq mexanika zavodunda qeyri-standart avadanlıq və mürəkkəb konstruksiyalı maşın-mexanizm elementləri və digər məhsullar hazırlanır. Texnoparkda Günəş kollektoru qazanları, həmçinin bir çox sahələrdə tələbat duyulan yüksək keyfiyyətli, standartlara uyğun məhsullar istehsal edən digər zavodlar da fəaliyyət göstərir.
Bu gün STP Azərbaycanın istənilən guşəsində tikilən elektrik stansiyalarını, yarımstansiyaları yüksək gərginlik kabelləri və digər zəruri məmulatlarla təmin edir. Ağır maşınqayırma zavodunun istehsalı olan müxtəlif markalı maşınlar artıq Azərbaycan yollarında görünməkdədir.
Texnologiyalar parkının perspektivlərindən də danışan S.Musayev bildirmişdir ki, dəmir yolu vaqonları zavodunun tikintisi başa çatmışdır. Hazırda sınaq işləri yekunlaşmaq üzrədir. Yaxın gələcəkdə Rusiya, Ukrayna üçün vaqonlar istehsal etmək məqsədi ilə bu dövlətlərlə danışıqlar aparılır. İcraçı direktor əmindir ki, bu zavod da Azərbaycan büdcəsinə böyük gəlir gətirən bir müəssisə olacaqdır. Yaxın vaxtlarda alkapon və transformator istehsal edən zavodlar da işə salınacaqdır.
STP-nin ixrac potensialından söz acan icraçı direktor demişdir ki, texnoparkın müəssisələrində istehsal olunan çoxçeşidli, rəqabətqabiliyyətli malları xarici bazarlara çıxarmaq üçün bir sıra dövlətlərlə işbirliyi qurulub. Bu gün Gürcüstana, Qazaxıstana, Əfqanıstana, Hindistana borular, yüksək gərginlikli kabellər ixrac olunur. Bp şirkəti ilə neft sektorunda bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Göründüyü kimi, STP “Sənaye ili”nin bütün meyarlarına cavab verir, Prezident İlham Əliyevin sənayenin inkişafı, xüsusən ixrac potensialının artırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun fəaliyyət göstərir. Sumqayıt Texnologiyalar Parkını eyni zamanda qarşıda perspektivli gələcək gözləyir.