İDMAN
Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatında iki medal qazanmışlar VİDEO
Bakı, 19 iyun (AZƏRTAC). Polşanın Katovitse şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparmışlar. Bununla da gənclərin Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsi başa çatmışdır.
Sərbəst güləşçilərimiz, ümumilikdə, 1 qızıl və 1 gümüş medal qazanmışlar.
Çempionatda 66 kiloqram çəki dərəcəsində mübarizə aparmış Murad Süleymanov finaladək inamla irəliləmişdir. O, ardıcıl olaraq Rumıniya, Yunanıstan, Belarus və Türkiyədən olan rəqiblərini mübarizədən kənarlaşdırmış və finala yüksəlmişdir. Həlledici görüşdə güləşçimizin rəqibi Gürcüstan idmançısı olmuşdur. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, son xalı rəqib qazandığından M.Süleymanov gümüş medalla kifayətlənmişdir.
Nurməhəmməd Hacıyev (84 kq) də finaladək bütün rəqiblərində üstün olmuşdur. Bolqarıstan, Moldova və Ukrayna güləşçiləri üzərində qələbə təmsilçimizi finala yüksəltmişdir. Finalda Gürcüstan güləşçisi ilə gərgin keçən qarşılaşmadan qalib ayrılan N.Hacıyev Avropa çempionu adını qazanmışdır.