REGİONLAR
Azərbaycanın şimal-qərb qapısı Balakən turistlər üçün cəlbedici məkandır FOTOREPORTAJ
Balakən, 3 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın şimal-qərb qapısında yerləşən Balakən rayonunun əsrarəngiz təbiəti, zəngin flora və faunası burada turizmin inkişafı üçün əlverişli imkanlar açır. Rayon ərazisində yerli və xarici turistləri cəlb edə biləcək gözoxşayan təbiət guşələri və tarixi abidələr mövcuddur.
AZƏRTAC xəbər verir ki, Balakən rayonunda 12 turizm marşrutu və rekresiya zonaları müəyyənləşdirilib. Rayonda ekoturizm, kənd yaşıl turizmi, həmçinin dağ, atçılıq, balıqçılıq və mədəni turizm inkişaf etdirilir. Balakənin təkrar olunmaz milli kulinariyası da turistləri daim özünə cəlb edir.
Şəhərdəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı respublikamızın ən böyük parklarından biri hesab olunur. Burada turistlərə və rayon sakinlərinə yüksək səviyyədə xidmət göstərilir. Parkda uşaqların, yeniyetmə və gənclərin, ahılların istirahətlərinin mənalı keçməsi üçün hər cür şərait yaradılıb. 1200 metr uzunluğunda kanat yolu və attraksionlar turistlərin xidmətindədir.
Müasir tələblərə cavab verən turizm infrastrukturu rayona gələn turistlərin sayının ildən-ilə artmasını şərtləndirən başlıca amillərdəndir. Statistik məlumatlara görə, cari ilin 6 ayında rayona 11 minə yaxın turist gəlib. Gələnlərin 4600 nəfərini xarici turistlər təşkil edib.