REGİONLAR


Azərbaycanın şimal-şərqində 5 min illik tarixə malik qazma evlər aşkalanıb VİDEO

A+ A

Şabran, 17 avqust, Elxan Yusifli, AZƏRTAC

Şabran rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı 5 min illik tarixə malik qazma evlər aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, rayonun Aygünlü kəndi ərazisində Çaqqaltəpə abidəsində aşkarlanan tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir. Eramızdan əvvəl IV minilliyin sonu III minilliyin əvvəlinə aid edilən abidə bu vaxta kimi Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəhbəri Səfər Aşurov AZƏRTAC-a müsahibəsində bildirib ki, abidənin mədəni təbəqəsi çox qalındır. Bu ərazidəki qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində qeydə alınıb. Ərazidə üç qədim təpəlik mövcuddur.

İlkin tədqiqatlar zamanı abidələrdə Kür-Araz mədəniyyətinin erkən tunc dövrünün xarakterik xüsusiyyətlərinə rast gəlinib. Qazıntılar Çaqqaltəpə abidəsində 3 tikinti xüsusiyyətini müəyyənləşdirməyə kömək edib. Birincisi, ərazidə erkən tunc dövrünə aid 5 qazma ev tapılıb ki, bu tipli evlər hələ Azərbaycanda öyrənilməyib. İkincisi, Kür-Araz mədəniyyəti üçün xarakterik olan gil möhrə üzərində yüngül konstruksiyalı ağac örtüklü evlərin qurulmasıdır ki, bu, bölgə üçün xarakterikdir. Üçüncü xarakterik xüsusiyyət isə daş özül üzərində dairəvi evlərin tikintisidir.

Ekspedisiya rəhbəri bildirib ki, qazıntı işləri zamanı abidənin ərazisindən tapılan materialların əksəriyyəti keramikadır. Bu da abidənin tarixini müəyyənləşdirməyə kömək edən əsas amillərdəndir. Keramika nümunələrinin əksəriyyəti üzərində yarımşar formalı qulpları olan saxsı məmulatlardır ki, bunlar da erkən tunc dövrünün əsas atributları sayılır.

Qazıntılar zamanı əksəriyyətində ox ucluqları olan çaxmaq daşından alətlər aşkarlanıb. Bu da sübut edir ki, eradan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlində burada yaşayan yerli əhali əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla da məşğul olub.

Ərazidən tapılan sümükdən hazırlanan bizlər, iynələr yaşayış məskənində toxuculuq mədəniyyətinin də formalaşdığından xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.