MƏDƏNİYYƏT


“Azərbaycanın soyuq silahları” kitabının rusca nəşri buraxılıb

A+ A

Bakı, 15 dekabr, AZƏRTAC

Dekabrın 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanın soyuq silahları” adlı kitabın rusca nəşrinin (“İstoriçeskoye orujiye Azerbaydjana”) təqdimatı keçirilib. Kitabın müəllifləri Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, hüquq elmləri doktoru Fuad Cavadov, Naxçıvan Muxtar Respublikasının sabiq ədliyyə naziri Azər Məmmədov və hüquqşünas, baş ədliyyə müşaviri Adil Minbaşıdır.

AZƏRTAC xəbər verir ki, tədbiri kitabxananın direktoru Kərim Tahirov açıb. O qeyd edib ki, “Azərbaycanın soyuq silahları” kitabı Azərbaycan hərb sənətinin qədim və şanlı tarixinə həsr edilib. Bu kitabda xalqımızın görkəmli sərkərdələri, silah ustaları barədə ətraflı məlumat verilib, ən qədim dövrlərdən XIX əsrə qədər Azərbaycan hərb sənətinin inkişafının bütün mərhələləri işıqlandırılıb. K.Tahirov əmin olduğunu bildirib ki, yeni kitab ölkəmizin hərbi ədəbiyyatı sırasında layiqli yer tutacaq.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin silahlı qüvvələrinə daim diqqət və dəstək göstərir. Azərbaycan ordusunun qüdrəti günbəgün artır. 2016-cı il aprel döyüşləri buna əyani nümunə oldu. Həmin döyüşlərdə bizim hərbi qulluqçular igidlik göstərərək düşməni dəf etdilər, torpaqlarımızın bir hissəsi işğaldan azad olundu. Ə.Vəliyev bir məqamı da vurğulayıb ki, ilkin variantı Azərbaycan dilində çap edilmiş “Azərbaycanın soyuq silahları” kitabını rus dilindən əlavə başqa dillərə də tərcümə etmək planlaşdırılır. O, əsərin müəlliflərinə ölkəmizin hərb sənəti tarixinə verdikləri bu sanballı töhfəyə görə təşəkkürünü bildirib.

Tədbir diskussiyalarla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.