İDMAN
Azərbaycanın stolüstü tennisçiləri MDB ölkələri məktəblilərinin idman-mədəniyyət festivalında iştirak ediblər
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, festivalda idmanın 5 növü-mini futbol, çimərlik voleybolu, şahmat, basketbol və stolüstü tennis üzrə yarışlar keçirilib.
Stolüstü tennis yarışları həm şəxsi, həm də komanda xarakter daşıyıb. Şəxsi yarışlarda yığma komandamızın üzvü, “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, 1999-cu il təvəllüdlü Mətin Həsənzadə qrup mərhələsində 4 idmançı üzərində qələbə qazanıb. Sonrakı mərhələdə M.Həsənzadə Ermənistan idmançısını 3:0 hesabı ilə məğlub edib. Yarışda göstərdiyi nəticəyə görə o, bürünc medala layiq görülüb, fəxri diplom və kubokla təltif olunub.
Komanda yarışlarında idmançılarımız 4-cü yerlə kifayətləniblər. Qızların şəxsi yarışlarında yığma komandamızın üzvü, Bakı Tennis Məktəbinin yetirməsi Nəzakət Qarayeva 5-ci yerdə qərarlaşıb.