ELM VƏ TƏHSİL
Azərbaycanın su ehtiyatlarına həsr olunmuş monoqrafiya çapdan çıxıb
Bakı, 10 iyun, AZƏRTAC
Professor Fərda İmanov və geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərovun həmmüəllifi olduqları “Azərbaycanın su ehtiyatlarının müasir dəyişmələri və inteqrasiyalı idarə edilməsi” monoqrafiyası çapdan çıxıb.
Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, monoqrafiya Azərbaycanın yerüstü və yeraltı su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərinin təhlilinə, ehtiyatlarına, istifadəsinə, müasir dəyişmələrinə həsr olunub. Göstərilir ki, hazırda ölkənin transsərhəd çaylarının sularından qonşu ölkələrdə də geniş istifadə edilir və onlar Azərbaycan ərazisinə çirkləndirilmiş vəziyyətdə daxil olur. Kitabda su ehtiyatlarının idarəçiliyində inteqrasiyalı yanaşmanın səmərəliliyi şərh edilir. Eyni zamanda, monoqrafiyada Azərbaycanın su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi üzrə Milli Fəaliyyət Planı, daşqınların idarə olunması, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, bir sıra digər məsələlər haqqında da məlumat verilib.
Monoqrafiya tələbə, tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulub.