MƏDƏNİYYƏT
Azərbaycanın tanınmış rejissoru Kalmıkiyanın Milli Dram Teatrında yeni tamaşa hazırlayır
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Rusiya Federasiyasının Kalmıkiya Respublikası Milli Dram Teatrı arasında 3 ildən çoxdur ki, sıx qarşılıqlı yaradıcılıq əlaqələri mövcuddur.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər iki sənət ocağı arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri ilə bağlı müqavilənin bəndlərinə uyğun olaraq Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov yeni tamaşaya quruluş vermək üçün Kalmıkiya Respublikasına ezam olunub. Hazırda o, istedadlı yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa (iki hissəli komediya) üzərində yaradıcılıq işi aparır.
Quruluşçu rəssamı Saqlar Çulkayev olan tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları rol alıblar.
İlk tamaşanın premyerası bu il dekabrın 12-13-də baş tutacaqdır.
Qeyd edək ki, Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar İncəsənət Xadimi, Azərbaycanın Fəxri Mədəniyyət İşçisi Boris Manciyev 2015-ci ilin mayında Gənc Tamaşaçılar Teatrında Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsəri əsasında eyniadlı tamaşaya quruluş vermək üçün Bakıya gələcək.