ELM VƏ TƏHSİL
Azərbaycanın təhsil müəssisələrində 2014/2015-ci tədris ili başlanıb
Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva təhsilə daim böyük əhəmiyyət verirlər.
Son illərdə ölkəmizdə müasir tələblərə cavab verən çoxlu sayda məktəb binaları tikilərək istifadəyə verilib və yeni avadanlıqla təchiz olunub. Məktəblərdə tədris üçün bütün lazımi şərait yaradılıb.
Bu tədris ilində ümumi təhsil müəssisələrinin birinci siniflərində 139 mindən çox şagird təhsil alacaq.
Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq “SABAH” qrupları fəaliyyətə başlayıb. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi təhsilini bu yeni qruplarda davam etdirəcək.
Bu il ilk dəfə olaraq ölkəmizdə maksimum adda və sayda – 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Dərsliklər bütün məktəblərə çatdırılıb.
2014/2015-ci tədris ilində 1405 gənc müəllim ilk dəfə sinfə daxil olaraq öz vəzifələrinin icrasına başlayıb.
Orta təhsilini uğurla başa vuran, qızıl və gümüş medallar qazanan 201 məzunun hamısı yeni tədris ilini ali məktəblərin tələbələri sırasında qarşılayıb.