ELM VƏ TƏHSİL
Azərbaycanın tektonik quruluşu ilə zəlzələ ocaq zonalarının əlaqəsinə dair seminar
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda “Böyük Qafqazın Azərbaycan hissəsinin tektonik quruluşu ilə zəlzələ ocaq zonalarının əlaqəsi” mövzusunda respublika elmi seminarı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisənin geotektonika və regional geologiya şöbəsinin elmi işçisi Fuad Əliyev məruzə ilə çıxış edib. O, mövzuya dair apardığı tədqiqatların nəticələrini təqdim edərək bildirib ki, Böyük Qafqaz zonası Alp qırışıqlıq qurşağının ən fəal seysmik ərazilərindəndir. Burada mütəmadi güclü və dağıdıcı zəlzələlər baş verir. Ərazinin müasir strukturu Şimali və Cənubi Qafqaz qitə mikroplitələrinin psevdosubduksiya ərazisinə xas olan yan horizontal sıxılma şəraitində Alp tektogenez proseslərinin təsiri nəticəsində formalaşıb. Azərbaycan ərazisinə və Xəzər dənizinin milli sektoruna aid materiallar mikroplitələr arasında psevdosubduksiya təsirinin olduğunu sübut edir.
Qeyd olunub ki, regionda tektonik gərginliklərin və zəlzələlərin məkan paylanmasının təhlilindən əlavə, güclü zəlzələlərin ocaqları və ocaq mexanizmləri üçölçülü məkanda tədqiq edilib, həmçinin onların tektonik strukturlarla qarşılıqlı əlaqəsi öyrənilib. Gərginlik oxlarının istiqaməti, ümumən, bütün ocaq mexanizmi tiplərinin mövcud olduğu regionun geodinamikasına uyğun gəlir.
Elmi məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.