CƏMİYYƏT
Azərbaycanın tələbə gəncləri beynəlxalq forumda iştirak edib
Bakı, 2 dekabr, AZƏRTAC
Dağıstan Respublikasının inzibati mərkəzi Maxaçqala şəhərində keçirilən “Verşina” tələbə təhsil forumunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri - beynəlxalq əlaqələr departamentinin direktoru Nurxan Babayev, mətbuat katibi İlqar Talıbov və ATGTİ-nin fəal könüllüsü Rövşən Cəlilov ölkəmizi təmsil edib.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, adı çəkilən forum Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin, Rusiya Gənclər İttifaqı və Rusiyanın Tələbə Birlikləri Assosiasiyasının dəstəyi ilə Dağıstan Dövlət Universitetində keçirilib.
Tədbirin əsas məqsədi müxtəlif ölkələrdən olan tələbə-gənclər arasında əlaqələrin qurulması, gənclərin idarəetmə sahəsində yeni biliklərin əldə olunması və bu sahədə təcrübə mübadiləsinin aparılmasından ibarət idi.
Forum çərçivəsində, ATGTİ-nin nümayəndə heyəti Dağıstanın gənclərlə iş üzrə naziri Zaur Qurbanov, Dağıstan Dövlət Universitetinin rektoru Murtuzəli Rabadanov və bir çox rəsmi şəxslərlə görüşlər keçirərək, ATGTİ-nin 6 illik fəaliyyəti, ölkəmizdə gənclərin inkişafı üçün yaradılan hərtərəfli şərait və ümumilikdə uğurla həyata keçirilən Azərbaycan gənclər siyasəti haqqında çıxışlar ediblər.