İQTİSADİYYAT


Azərbaycanın tikinti şirkətləri Ukraynada keçirilən tenderlərin qalibi olublar

A+ A

Kiyev, 1 dekabr, AZƏRTAC

Ukrayna infrastrukturunun yol, o cümlədən beynəlxalq yol, avtoban, mühəndis qurğularının tikintisi sahəsində Avropa standartlarına uyğun inkişafına və təkmilləşdirilməsinə dair beynəlxalq layihələr çərçivəsində bu ölkədə çoxlu beynəlxalq tenderlər keçirilir. Rəqabət xarakterli tikinti müsabiqələrində Azərbaycanın bir sıra əlaqədar şirkətləri də bərabər əsaslarla iştirak edirlər. Həmin şirkətlər nəinki Ukraynada, MDB, Avropa İttifaqı və Balkan ölkələrində də özlərini ən yaxşı cəhətdən tanıdıblar. Bununla bərabər, Ukraynada keçirilən tenderlərdə şirkətlərimiz bəzi çətinlik və problemlərlə üzləşirlər. Azərbaycan şirkətlərinin ölkəmizin Ukraynadakı səfirliyinə çoxsaylı müraciətləri ilə əlaqədar diplomatlarımız bu məsələlərdə onlara kömək etmək qərarına gəliblər.

Azərbaycan səfirliyinin rəhbərliyinin təşəbbüsü ilə bu il noyabrın ortalarında diplomatlarımızın Ukrayna İnfrastruktur Nazirliyinin və Ukrayna Dövlət Avtomobil Yolları Xidmətinin (“Ukravtodor”) rəhbərləri ilə ilk görüşü keçirilib. Görüşdə Ukrayna tərəfi Azərbaycan şirkətlərinin tenderlərdə iştirakı üçün sənədlərin verilməsi prosedurundan, onların düzgün rəsmiləşdirilməsindən və s. məsələlərdən ətraflı söz açıb.

Noyabrın 29-da tərəflər arasında danışıqların ikinci mərhələsi olub. Diplomatlarımızın və tikinti şirkətlərimizin nümayəndələrinin Ukraynanın infrastruktur naziri Vladimir Omelyan və “Ukravtodor”un rəhbəri Slavomir Novakla görüşündə əlaqədar sahə ilə bağlı məsələlərin geniş dairəsi, eləcə də yol və infrastruktur tikintisində qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsi yolları müzakirə edilib.

Ölkəmizin Ukraynadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan şirkətləri - “EVRASCON” Avrasiya İnşaat Korporasiyası, Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası ASC və “AzVirt” Ukraynanın müxtəlif regionlarında beynəlxalq tenderlərin qalibi olublar və yaxın gələcəkdə yol layihələri həyata keçirməyə başlayacaqlar.

Səfirlikdən onu da bildiriblər ki, Azərbaycan şirkətlərinə, hüquqi və fiziki şəxslərə, tələbələrə, habelə Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına məlumat və hüquqi dəstək verilməsi məqsədi ilə səfirlikdə “qaynar xətt” (+ 380 735 050 000) fəaliyyət göstərir.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.