REGİONLAR
Azərbaycanın torpaq-iqlim şəraiti bir təsərrüfat ilində 2-3 dəfə məhsul götürməyə imkan verir
Bakı, 17 aprel, AZƏRTAC
Respublikada dən istehsalını artırmaq, heyvandarlığın yem tələbatını ödəmək məqsədilə təkrar (aralıq) əkinin həyata keçirilməsinin stimullaşdırılması əsas məsələdir.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov AZƏRTAC-a bildirib ki, respublikamızın torpaq-iqlim şəraiti bir təsərrüfat ilində 2-3 dəfə məhsul götürməyə imkan verir: “Arpa, buğda biçildikdən sonra torpaqları boş qoymaq olmaz. Aran bölgəsində dən üçün qarğıdalı, soya, günəbaxan, darı və tərəvəz bitkilərinin təkrar əkinlərini aparmaq mümkündür. Bu zaman birinci əkinə şamil edilən güzəştlər təkrar əkinlər üçün də keçərlidir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” xərclərində nəzərdə tutulmuş vəsait hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcminin 25 faiz artırılmasını təmin etmək tapşırılıb.
Həmçinin kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardım, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiya təkrar (aralıq) əkinlər aparan fiziki və hüquqi şəxslərə də ödənilməlidir.