MƏDƏNİYYƏT
Azərbaycanın turizm potensialı “IMEX 2015” beynəlxalq sərgisində nümayiş etdirilir
Bakı, 19 may, AZƏRTAC
Almaniyanın Frankfurt şəhərində keçirilən “IMEX 2015” beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə ölkəmizin turizm potensialını əks etdirən 72 kvadratmetrlik stend hazırlanıb. Sərgiyə gələn qonaqlara ingilis və alman dillərində reklam xarakterli çap məhsulları təqdim edilib.
Beynəlxalq turizm sərgisində Azərbaycan Konqreslər Bürosu, həmçinin “Absheron Hotel Group”, “Boulevard Hotel Baku”, “Fairmont Baku”, “Hilton Baku”, “JW Marriott Absheron Baku”, “Kempinski Badamdar Baku”, “Qafqaz Baku City Hotel & Residences”, “Trump International Hotel & Tower Baku”, “Holiday Inn Baku” mehmanxanaları və “Improtex Travel Tours & Conferences”, “Caspian Event Organisers”, “ENC Tours”, “Geo Travel”, “MICE.az”, “Millennium Tourism”, “Pasha Travel” və “Regea Travel” şirkətləri təmsil olunur.
Azərbaycan Konqreslər Bürosu artıq ikinci dəfədir ki, “İMEX” beynəlxalq turizm sərgisində iştirak edir. Mayın 21-dək davam edəcək sərgidə 74 ölkədən təxminən 3500 şirkət təmsil olunur.