MƏDƏNİYYƏT
Azərbaycanın turizm potensialı Körfəz ölkələrində yüksək səviyyədə təbliğ olunur
Bakı, 15 iyul, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin ilk xarici turizm təmsilçiliyi 2011-ci ildə BƏƏ-nin Dubay Əmirliyində fəaliyyətə başlayıb. Körfəz ölkələrində Azərbaycan turizmini hazırda “Atlantis Holidays” şirkəti təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təmsilçilik yaradıldığı ilk gündən missiyasının öhdəsindən uğurla gələrək, Azərbaycan mədəniyyətini, mətbəxini, tarixi-mədəni irsini və müxtəlifliyini düzgün təbliğ etməklə ərəb xalqları və vətəndaşları arasında ölkəmizi əsas turizm istiqamətlərindən biri kimi önə çıxarıb.
Son 5 il ərzində Azərbaycanı Körfəz ölkələrindən olan turistlərin üz tutduğu əsas istiqamətlərdən birinə çevirmək üçün çoxsaylı silsilə tədbirlər təşkil edilib, ictimaiyyətə daha yaxından tanıtmaq üçün onlayn maarifləndirmə işləri aparılıb. Azərbaycan sənətkarlığını və mədəniyyətini təbliğ edən müxtəlif sərgilərdə, işgüzar turizm üzrə tədbirlərdə iştirak, Ərəb ölkələrində yaxşı tanınan beynəlxalq korporasiyalar vasitəsilə Azərbaycanın təbliği, mətbuat konfranslarının keçirilməsi, dövlət səfərlərində iştirak, habelə ərəb ölkələrindən olan turizm agentlikləri və media nümayəndələri üçün ölkəmizə tanıtım səfərlərinin təşkili də bu qəbildən olan fəaliyyətlərdəndir.
Ərəb ictimaiyyətində məlumatlılığı və Azərbaycana diqqəti daha da artırmaq üçün təmsilçilik son 6 ayda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılığı və ölkəmizin turizm sənayesi nümayəndələrinin iştirakı ilə heyətin Doha və Küveytə uğurlu səfərini təşkil edib.
Təmsilçiliyin ofisi, həmçinin BƏƏ hökuməti, Dubay Bələdiyyəsi, Dubay Gömrüyü, Səhiyyə Təşkilatı və Media Təşkilatının dəstəyi ilə də davamlı olaraq silsilə tədbirlər təşkil etmiş, BƏƏ-də keçirilən “The Arabian Travel Market” və “ITB Abu Dhabi” Küveyt Dövlətində keçirilən “Travel Luxury Show” və Səudiyyə Ərəbistanı Krallığında keçirilən “Trade Fairs Riyadh” kimi ən iri sərgilərdə də təmsil olunub.
Təmsilçi şirkətin aktiv fəaliyyəti əsnasında “Al Bayan”, “Al Khaleej”, “Khaleej Times”, “Gulf News”, “Gulf Today” qəzetlərində, “Al Jazeera”, “BBC”, “Rotana”, “Fatafeat”, “Al Arabia” telekanallarında ölkəmizin təbliğatı davamlı olaraq aparılır.
Bütün bu səylərin, eləcə də Körfəz ölkələrinə münasibətdə viza siyasətində aparılan islahatların nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə son 6 ay ərzində Körfəz ölkələrindən Azərbaycana gəlmiş turistlərin sayında kəskin artım baş vermişdir.