İQTİSADİYYAT


Azərbaycanın və Avstriyanın dəmir yolu daşımalarında geniş əməkdaşlıq imkanları mövcuddur

Bakı, 18 iyul, AZƏRTAC

Çin və Hindistandan yüklərin Avropaya çatdırılması üçün dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsində Azərbaycanın və Avstriyanın geniş əməkdaşlıq imkanları mövcuddur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər Avstriyanın federal ailə və gənclər naziri xanım Sofi Karmasın başçılıq etdiyi nümayəndə heyətinin “Azərbaycan Dəmir Yolları” QSC-də keçirilən görüşündə səsləndirilib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

C.Qurbanov bildirib ki, digər marşrutlarla yanaşı, Azərbaycanın təşəbbüsü ilə meydana gələn Cənub-Qərb layihəsi gələcəkdə Asiyadan yüklərin Avropaya daşınmasında ən qısa, sərfəli və səmərəli marşruta çevriləcək. Azərbaycanın və Avstriyanın əlverişli coğrafi mövqeyi və eləcə də tranzit imkanlarından yararlanaraq, Çin və Hindistandan yüklərin Avropaya çatdırılması üçün dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsində iki ölkənin müvafiq qurumları arasında geniş əməkdaşlıq imkanları mövcuddur.

Sonra ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Avstriyanın federal ailə və gənclər naziri xanım Sofi Karmas Azərbaycanda həyata keçirilən islahatlardan məmnun qaldığını bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.