CƏMİYYƏT
Azərbaycanın və Belarusun sərhəd xidmətləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 20 iyul, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Belarus Respublikasının Dövlət Sərhəd Komitəsinin sədri, general-polkovnik Leonid Maltsevin dəvəti ilə iyulun 17–19-da bu ölkədə rəsmi səfərdə olub.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti Belarusun Dövlət Sərhəd Komitəsinin strukturu, fəaliyyət sahələri, sərhəd mühafizəsinin təmin edilməsi üzrə müsbət təcrübəsi ilə tanış olub. Həmçinin Azərbaycanın və Belarusun sərhəd xidmətləri arasında sərhəd təhlükəsizliyi, miqrasiya proseslərinin idarə edilməsi, buraxılış məntəqələrinin və kinoloji mərkəzlərin fəaliyyəti üzrə təcrübə mübadiləsinin davam etdirilməsi, inteqrə olunan sərhəd idarəçiliyi sahəsində beynəlxalq layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi və maraq kəsb edən digər məsələlər üzrə müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyəti Belarus Sərhəd Komitəsinin İnstitutu və sərhəd dəstəsi, kinoloji mərkəzi, sərhəd təhlükəsizliyi üzrə müasir avadanlıq istehsal edən bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub.
Səfər zamanı DSX nümayəndələri Belarusun görməli yerləri və tarixi abidələri, o cümlədən “Xatın” memorial kompleksinə səfər ediblər. Habelə İkinci Dünya müharibəsində Belarusun faşistlərdən azad olunması uğrunda gedən döyüşlərdə şücaətlə vuruşmuş azərbaycanlıların xatirəsi yad edilib.