ELM VƏ TƏHSİL
Azərbaycanın və Çinin rəqs sənəti
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin Çin Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan və Çin rəqs sənəti” adlı musiqili bədii tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə mərkəzin direktoru, professor Rafiq Abbasov Azərbaycan-Çin humanitar əməkdaşlığının inkişafı, həmçinin iki ölkənin mədəniyyət günləri haqqında məlumat verib.
R.Abbasov ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) səfərləri zamanı incəsənət sahəsində ikitərəfli mədəni mübadilələrin genişləndirilməsi üçün iki ölkə arasında əməkdaşlıq haqqında imzalanmış müqavilələrin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Milli Konservatoriyasının tədris işləri üzrə prorektoru Malik Quliyev xalq rəqslərinin xüsusiyyətlərindən, Konservatoriyanın Çinin incəsənət universitetləri ilə yaradıcı əlaqələrindən danışıb.
Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Tamilla Məmmədzadə yaradıcılığı haqqında məlumat verib, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletində yaratdığı “Çin gözəli” obrazından söz açıb.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri Çin xalq rəqslərinin tarixi, xüsusiyyətləri və növləri, eyni zamanda, iki ölkənin milli rəqs qruplarının qarşılıqlı səfərlərindən danışıblar.
Sonda çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr “Ay ilahəsi”, “Pələng rəqsi”, “Xoşbəxt günlər” adlı Çin rəqslərini və Azərbaycanın milli rəqslərini ifa ediblər.
Tədbirdə ÇXR-in Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri Çen və müşavir köməkçisi Li iştirak ediblər.