ELM VƏ TƏHSİL
Azərbaycanın və Fransanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələri genişlənir
Bakı, 1 aprel, Elvira Məmmədova, AZƏRTAC
Aprelin 1-də Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərlik etdiyi nümayəndə heyəti Təhsil Nazirliyində olub.
AZƏRTAC xəbər verir ki, iki ölkənin ali məktəb rektorlarının iştirak etdikləri görüşdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan-Fransa münasibətlərində təhsil sahəsinin xüsusi rolunu vurğulayıb, əməkdaşlığın inkişafı istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb. Nazir ali təhsil müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinin müsbət hal olduğunu bildirib, orta təhsil, tələbə və müəllim mübadiləsi istiqamətlərində səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Ötən ilin noyabrında Parisə səfəri çərçivəsində Strasburq Universitetinin prezidenti A.Beretz ilə görüşünü xatırladan M.Cabbarov bu ilin fevralında Fransada keçirilmiş “Azərbaycan günü”nün əhəmiyyətindən danışıb, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb. Nazir, eyni zamanda, ikili diplomların tanınması və elmi-tədqiqat sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
A.Beretz belə görüşlərin Fransa ilə Azərbaycanın təhsil əlaqələrinin inkişafı və birgə əməkdaşlığın daha səmərəli müstəviyə qədəm qoyması baxımından rolunu qeyd edib, Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib. Qonaq rəhbərlik etdiyi universitetdə təhsil alan azərbaycanlı tələbələrin çalışqan və yüksək intellektual potensiala malik olduqlarını vurğulayıb.
Görüşdə hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, müəllim-tələbə mübadiləsinin təşviq edilməsi, ikili diplom proqramlarının təşkili imkanları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, nümayəndə heyəti səfər çərçivəsində ölkəmizin bir sıra aparıcı ali təhsil müəssisələrində görüşlər keçirəcək, ikitərəfli təhsil əlaqələrinin inkişafına dair müzakirələr aparacaq.