SİYASƏT


Azərbaycanın və Gürcüstanın müdafiə nazirlikləri səmərəli əməkdaşlıq edir

A+ A

Tbilisi, 1 fevral, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov fevralın 1-də bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb.

Levan İzoria Dursun Həsənovu səfir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə ölkələrimizin müdafiə nazirlikləri arasında əməkdaşlığın perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Levan İzoria bir ay əvvəl Azərbaycana etdiyi səfərini xatırlayıb, Bakıda keçirdiyi görüşlərdə strateji tərəfdaşlıq, regional təhlükəsizlik, Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlikləri arasında üçtərəfli görüşlərin keçirilməsi, eləcə də birgə təlimlərin təşkili məsələlərinin müzakirə olunduğunu bildirib.

Nazir qeyd edib ki, bu ilin aprel ayında Azərbaycanın müdafiə nazirinin Tbilisiyə səfəri nəzərdə tutulub. “Səfər çərçivəsində biz bir çox məsələləri, o cümlədən müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəyik”,- deyə müdafiə naziri vurğulayıb.

Bildirilib ki, Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi də planlaşdırılır.

Səfir Dursun Həsənov Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib, regional təhlükəsizliyin təmin olunmasında birgə əməkdaşlığın vacibliyini vurğulayıb.

Diplomat bütün sahələrdə olduğu kimi müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlığın, eləcə də müdafiə nazirlikləri arasında münasibətlərin daha da genişlənməsi üçün səylərini artıracağını bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.