MƏDƏNİYYƏT
Azərbaycanın və Gürcüstanın turizm şirkətləri Nyu-Yorkda birgə sərgi təşkil edəcəklər
Tbilisi, 11 noyabr, AZƏRTAC
Gürcüstan Milli Turizm Agentliyinin sədri Giorgi Qoqovadze AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib ki, Azərbaycan ilə turizm sahəsində əməkdaşlıq çərçivəsində gələn ilin yanvarında Nyu-Yorkda turizm sərgisinin açılması planlaşdırılır. Sərgidə Azərbaycanın və Gürcüstanın turizm potensialı ilə bağlı foto və video slaydlar, hər iki ölkənin mətbəxinin təamları nümayiş etdiriləcək. “Bu, bizim turizm strukturları arasında birgə həyata keçiriləcək ilk beynəlxalq tədbir olacaq. Məqsədimiz iki dost və qardaş ölkənin turizm potensialına Amerika ictimaiyyətinin diqqətini cəlb etməkdir. İnanırıq ki, bu sərginin təşkili turizm sahəsində birgə əməkdaşlığımızın inkişafı üçün mühüm addım olacaq”, - deyə G.Qoqovadze bildirib.
Agentliyin sədri Gürcüstanın Azərbaycan ilə digər sahələrdə olduğu kimi, turizm sahəsində də çox gözəl münasibətlərinin olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan tərəfi ilə turizm sahəsində birgə əməkdaşlığa dair sənəd hazırlanıb. Bu sənəddə ölkələrimizin turizm potensialının inkişafı ilə əlaqədar bir sıra layihələr nəzərdə tutulub.
Qeyd edək ki, noyabrın 11-də Tbilisidə iqtisadiyyatın inkişafında inklüziv turizmin roluna həsr olunan beynəlxalq konfrans keçirilib.
Tədbirdə Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən turizm şirkətlərinin ekspertləri ilə yanaşı, müxtəlif ölkələrdən 150-yə yaxın nümayəndə iştirak edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi