SİYASƏT
Azərbaycanın və Latviyanın yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Riqa, 24 may, AZƏRTAC
Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov Latviyada səfərdədir. Səfərin məqsədi Azərbaycan-Latviya parlamentlərarası əlaqələrinin genişləndirilməsi və yerli özünüidarəetmə sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.
Səfərin ilk günü Milli Məclisin deputatı Latviyanın Yerli Hakimiyyətlər İttifaqının Liyepaya şəhərində keçirilən 27-ci Konqresində iştirak edib.
Konqresdə iştirak edən Latviya Respublikasının Prezidenti Raymond Veyonis, Baş nazir Maris Kuçinskis, parlamentin sədri İnara Murnietse, ətraf mühit və regional inkişaf naziri Kaspars Gerhards çıxış edib, İttifaq sədrinin məruzəsi dinlənilib, qurumun fəaliyyətinə dair qərarlar qəbul olunub.
Daha sonra Latviyanın ətraf mühit və regional inkişaf naziri Kaspars Gerhards ilə görüş keçirilib. Görüşdə Azərbaycanda yerli özünüidarəetmə sahəsində həyata keçirilən islahatlar və tədbirlər barədə ətraflı məlumat verilib, ölkələrimizin yerli özünüidarəetmə orqanları arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, bu əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib. Nazirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin aprelin əvvəlində təmas xəttində baş vermiş hərbi gərginlik barədə də məlumat verilib.
Səfər çərçivəsində Milli Məclisin deputatı Kamran Bayramov Liyepaya Şəhər Dumasında qurumun fəaliyyəti ilə yaxından tanış olub, Dumanın rəhbərliyi ilə görüşüb. Görüşdə Liyepaya şəhərinin ölkəmizin hər hansı bir şəhəri ilə əməkdaşlıq əlaqələrinin qurulması perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Səfərin növbəti günü Milli Məclisin deputatı Salasqriva şəhərində keçirilən dülgərlər bayramında iştirak edib. Bayram tədbirləri zamanı K.Bayramov Salasqriva şəhərinin meri Daqnis Straurberqs və tədbirə qatılmış Latviyanın maliyyə naziri Dana Reyznietse-Ozola ilə görüşüb.
Görüşlərdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov, Səbail bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov və Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov iştirak ediblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa