İQTİSADİYYAT
Azərbaycanın və Özbəkistanın dəmir yolu qurumları arasında əlaqələr genişlənir
Daşkənd, 2 may, АZƏRTAC
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdədir.
Cavid Qurbanovun Özbəkistan Baş nazirinin birinci müavini, “Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin (SC) idarə heyətinin sədri Açılbay Ramatovla görüşündə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Açılbay Ramatov əməkdaşlığın inkişafı istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Özbəkistan şaxələnmiş nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır və bu istiqamətdə işlər aparılır. Baş nazirin birinci müavini Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib.
Cavid Qurbanov deyib ki, Azərbaycan Özbəkistanla bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində əlaqələrin inkişafına xüsusi önəm verir. O, birgə fəaliyyətin öz bəhrəsini verəcəyinə əminliyini bildirib.
Söhbət zamanı Özbəkistan tərəfinə Azərbaycanda dəmir yolu sahəsində həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verilib.
Ölkəmizin beynəlxalq və regional layihələrin reallaşmasında iştirakından danışan C.Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib. Bildirilib ki, Türkmənistan, Azərbaycan və Gürcüstandan keçən bu nəqliyyat dəhlizi vasitəsilə Rumıniya, Ukrayna və digər ölkələrə çıxış əldə olunur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib. Qeyd olunub ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişənin həlli gecikir.
Tərəflər Azərbaycan ərazisindən keçən marşrutlara əlavə yük axınının cəlb olunması üçün bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolu xəttinin perspektivləri, Azərbaycan və Özbəkistan dəmir yolları arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri barədə də müzakirələr aparıblar.
Görüşdə təxminən bir ay əvvəl Özbəkistan Senatı sədrinin müavini Sodik Safoyevin rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycanda səfərdə olduğu və bu istiqamətdə əlaqələrin inkişafı baxımından səmərəli danışıqların aparıldığı qeyd edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd