SİYASƏT
Azərbaycanın və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycanın və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın perspektivləri, hər iki ölkədə keçirilən sərgilərdə iştirakın təmin olunması, təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə edilib.
Müzakirə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin bu ölkənin Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Aman ilə görüşündə aparılıb.
Görüşdə Ermənistanın Dağlıq Qarabağdakı son təxribatları, Azərbaycanın işğal olunmuş rayonlarında erməni hərbi birləşmələri tərəfindən törədilən vəhşiliklər haqqında məlumat verən səfir Pakistanın ölkəmizə birmənalı dəstəyinin dövlətimiz və xalqımız tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib.
Sohail Aman Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu, ərazi bütövlüyünü daim dəstəklədiyini qeyd edib. O, ölkəsinin müdafiə sənayesi müəssisələrinin yeni istehsal imkanları haqqında məlumat verib, Pakistan Hərbi Hava Qüvvələrinin bu sahədə də Azərbaycan ilə səmərəli əməkdaşlıq edə biləcəyini diqqətə çatdırıb.